BAKI, AzerVoice
İsrail Qəzzada humanitar öhdəliklərini yerinə yetirməyib.
AzerVoice xəbər verir ki, Avropa İttifaqının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə məsul komissarı Hadja Lahbib İsrailin Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmağa dair vədlərinə əməl etmədiyini bəyan edib.
Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl mətbuata açıqlama verən Lahbib, İsrailin humanitar yardım məsələsində Aİ ilə razılaşma əldə etdiyini xatırladaraq bildirib ki, Qəzzaya yardım maşınlarının daxil olması müəyyən irəliləyiş sayılsa da, vəziyyət hələ də ağır və təhlükəlidir. “Hücumlar davam etdiyi üçün humanitar tərəfdaşlarımız fəaliyyət göstərə bilmir”, – deyə o bildirib.
Komissar Təl-Əvivə çağırış edərək, razılaşmanın dərhal həyata keçirilməsini və mülki insanların öldürülməsinə son qoyulmasını tələb edib. Onun sözlərinə görə, son günlər ərzində, xüsusilə qadın və uşaqların da olduğu 100-dən çox fələstinli su və ərzaq növbəsində olarkən hücum nəticəsində həyatını itirib.
Lahbib qeyd edib ki, bu tempdə davam edəcəyi təqdirdə, gələn həftələrdə vəziyyət daha da pisləşə bilər: “İtirdiyimiz hər dəqiqə bir insan həyatına başa gəlir”.
Qeyd edək ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas iyulun 10-da İsrail ilə gündəlik humanitar yardım axınının artırılması və su, yanacaq, qida təminatının bərpasına dair razılaşmaların əldə olunduğunu açıqlamışdı.