BAKI, AzerVoice
Londonda fələstinpərəst “Palestine Action” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısına salınmasına etiraz olaraq keçirilən aksiya zamanı onlarla insan saxlanılıb.
AzerVoice xəbər verir ki, terrorla mübarizə qanununun pozulmasına görə saxlanılanlar arasında pensiyaçılar, o cümlədən 77 yaşlı kişi də var.
Etiraz aksiyası bu gün Londonun Parlament meydanında baş tutub. Təxminən yüzə yaxın “Palestine Action” tərəfdarı azadlıq uğrunda mübarizə aparmış Mahatma Qandi və Nelson Mandelanın abidələri önündə toplaşıb. Aksiyaçılar “Mən soyqırıma qarşıyam” və “Mən "Palestine Action"-u dəstəkləyirəm” şüarları yazılmış plakatlar qaldırıblar. Bəziləri Fələstin bayraqları da gətirib.
Saxlanılma zamanı bəzi iştirakçılar polisə müqavimət göstəriblər. Belə ki, bir qrup nümayişçi Qandinin abidəsi önündə yerə uzanaraq aksiya keçirib. Bundan sonra polis onları zorla ayağa qaldıraraq meydanda, Vestminster sarayının qarşısında dayanmış patrul maşınlarına aparıb. Polis, saxlanılanların dəqiq sayının tez bir zamanda açıqlanacağını bildirib. Eyni gündə, Kardiff və Mançesterdə də oxşar aksiyaların keçirilməsi planlaşdırılmışdı.
Xatırladaq ki, iyulun 5-də “Palestine Action” təşkilatı Birləşmiş Krallıqda qadağan edilmiş qurumlar siyahısına daxil edilib.