BAKI,
AzerVoice
Çin 74 ölkəyə 30 gün vizasız giriş imkanı təqdim edir – Azərbaycana
da tətbiq ediləcək.
AzerVoice xəbər verir ki, Çin xarici
turist axınını artırmaq və ölkənin yumşaq gücünü gücləndirmək
məqsədilə 74 ölkənin vətəndaşlarına 30 günə qədər vizasız giriş
hüququ verib.
Rəsmi məlumatlara görə, iyulun 16-dan etibarən Azərbaycana da bu
imtiyazın şamil olunacağı gözlənilir.
Bu qərar 2023-cü ilin dekabrında ilk olaraq Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya və Malayziya vətəndaşlarına tətbiq olunmuşdu. Yeni qərarla artıq demək olar ki, bütün Avropa ölkələri, Latın Amerikası, Yaxın Şərq və Asiyadan olan ölkələr bu siyahıya daxil edilib.
Çin Milli İmmiqrasiya İdarəsi bildirir ki, 2024-cü ildə ölkəyə vizasız gələnlərin sayı 20 milyonu keçib və bu göstərici 2023-cü illə müqayisədə iki dəfə çoxdur.
Qeyd edək ki, ABŞ, Kanada, İngiltərə, İsveç və Rusiya kimi ölkələrin vətəndaşları isə Çin üzərindən digər ölkəyə keçmək şərti ilə 10 günlük tranzit vizasız rejimdən yararlana bilirlər.
Çin Turizm Akademiyasının analitiki Liu Xiangyan vurğulayıb ki, bu qərar həm turizm sektorunu canlandırmaq, həm də Çinin beynəlxalq imicini gücləndirmək məqsədi daşıyır.