BAKI, AzerVoice
Levotobi vulkanı güclü püskürdü - Minlərlə insan təxliyə olunur, uçuşlar ləğv edilib.
AzerVoice xəbər verir ki,
İndoneziyanın Flores adasındakı Levotobi Laki-laki vulkanı bazar
ertəsi güclü püskürmə ilə yenidən aktivləşib.
18 kilometr hündürlüyə qalxan kül buludu səbəbilə bölgədə ən yüksək
təhlükə səviyyəsi elan olunub, minlərlə insan təhlükəsiz zonalara
təxliyə edilir, onlarla uçuş isə ləğv edilib.
İndoneziya Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafid, püskürmənin yerli vaxtla saat 11:05-də baş verdiyini və bunun noyabr ayından bu yana qeydə alınan ən güclü aktivlik olduğunu bildirib. Axşam saatlarında ikinci püskürmə zamanı kül və lava 13 kilometr hündürlüyə qalxıb.
Hazırda vulkanın ətrafında 14 kilometr enində təhlükə zonası müəyyənləşdirilib. Rəsmilər, yağışla birgə daşqın riskinin də olduğunu xəbərdarlıq ediblər. Təxliyə edilənlərin sayı 4000-i keçib, bölgədə su, qida və maska çatışmazlığı yaşanır.
Pululera kənd rəhbəri Paulus Sony Sang Tukan bəzi icmaların hələ də təxliyə olunmadığını bildirərək, təxirəsalınmaz yardım çağırışı edib. Sosial mediada yayılan görüntülərdə vulkanın zirvəsindən axan qırmızı lava və kül buludları aydın görünür.
Qeyd edək ki, Levotobi vulkanı 2025-ci ildən bu yana bir neçə dəfə püskürüb. Noyabrda baş verən püskürmədə 10 nəfər həyatını itirmişdi. Səlahiyyətlilər yeni püskürmələrin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.