BAKI,
AzerVoice
Rusiya zənginləşdirilmiş uranın emalında İrana texnoloji dəstək
təklif edib.
AzerVoice xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, zənginləşdirilmiş uranın emalı sahəsində İrana texnoloji dəstək göstərməyə hazır olduqlarını bildirib.
Braziliyada keçirilən 17-ci BRİKS Liderlər Zirvə Toplantısından sonra təşkil olunan mətbuat konfransında danışan Lavrov, Rusiyanın bu sahədə kifayət qədər texnoloji imkanlara sahib olduğunu vurğulayıb.
Lavrov, zənginləşdirilmiş uranın Rusiyaya gətirilərək burada emal olunması və daha sonra İrana nüvə enerji obyektlərində istifadə üçün qaytarılmasının mümkünlüyünü bildirib.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq perspektivlərini də dəyərləndirən nazir, Agentliyin bəyanatlarında obyektivlik və neytrallığa riayət etməli olduğunu qeyd edib. “MAQATE bəzi üzv ölkələrin siyasi maraqlarını deyil, öz səlahiyyətlərini əsas tutmalıdır” - deyə o qeyd edib.
Lavrov çıxışında həmçinin NATO-nun genişlənmə siyasətini tənqid edərək, bu prosesin alyans daxilində parçalanma yaratdığını bildirib. Fransa isə Ukraynaya silah tədarükü ilə Rusiyaya qarşı fəaliyyətlərin önündə dayanmaqda ittiham olunub.
Qeyd edək ki, İran və MAQATE arasında əməkdaşlığın gələcək formatı, habelə nüvə proqramı ilə bağlı beynəlxalq müzakirələr hazırda yenidən gündəmə gəlib.