Əsas səhifə » İşğal olunmuş Fələstin torpaqları ilə ticarət dayandırılacaq - İrlandiya

İşğal olunmuş Fələstin torpaqları ilə ticarət dayandırılacaq - İrlandiya

BAKI, AzerVoice

İrlandiya İsrailin işğal etdiyi Fələstin əraziləri ilə ticarəti qadağan etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, İrlandiya Nazirlər Kabinetinə təqdim ediləcək yeni qanun layihəsi ölkənin işğal olunmuş Fələstin torpaqları ilə ticarəti qadağan etməsini nəzərdə tutur.

Bu barədə ölkənin baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris açıqlama verib.

Jurnalistlərə danışan Harris bildirib ki, İrlandiya Qəzzada baş verənlərə qarşı səsini ucaldan ilk Avropa ölkələrindən biridir və indi konkret hüquqi addımlar atmağa qərarlıdır.

“Bu gün biz Avropada işğal olunmuş Fələstin torpaqları ilə ticarəti qadağan edən qanun layihəsini Nazirlər Kabinetinə təqdim edən ilk ölkə olacağıq. Bu, mühüm addımdır. Biz həm öz mövqeyimizi ortaya qoyuruq, həm də digər ölkələrə nümunə olmağa çalışırıq”- deyə o qeyd edib.

Qanun layihəsi, xüsusilə Qərb Sahilində yerləşən İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların İrlandiyaya idxalını və onlarla ticarəti qadağan etməyə yönəlib.

Qeyd edək ki, İrlandiya daha öncə də İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı sərt tənqid mövqeyi sərgiləyib və beynəlxalq hüququn pozulmasına qarşı açıq çağırışlar edən Avropa ölkələri arasında ön sıralarda yer alır.

Digər Kateqoriyalar

2025 © Azervoice