BAKI, AzerVoice
Rusiya prezidenti Vladimir Putin İrana qarşı hücumları əsassız və səbəbsiz təcavüz kimi qiymətləndirib.
AzerVoice xəbər verir ki, Rusiya
prezidenti Vladimir Putin Kreml sarayında İranın xarici işlər
naziri Abbas Ərakçini qəbul edib.
Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin bildirib ki,
Rusiya və İran arasında güclü və etibarlı əlaqələr mövcuddur. O
qeyd edib ki, İran xalqına yardım etmək üçün əllərindən gələni
edirlər. “İrana qarşı hücumlar əsassız, səbəbsiz təcavüzdür. Bunu
BMT Təhlükəsizlik Şurasında da açıq şəkildə bəyan etmişik” - deyə
Prezident Putin əlavə edib.
Öz növbəsində Ərakçi Rusiyanın “tarixin doğru tərəfində” olduğunu vurğulayıb və İsrail ilə ABŞ-ın İrana qarşı hərəkətlərini qeyri-qanuni adlandırıb. O, İranın özünü müdafiə etmək hüququ olduğunu qeyd edib və bu mövqeyə görə Rusiya tərəfinə təşəkkürünü bildirib. Nazir həmçinin İran və Rusiyanın birgə inşa etdiyi Buşəhr Atom Elektrik Stansiyasından söz açaraq, artan gərginliyin səbəbini İsrail və ABŞ-ın hücumları ilə əlaqələndirib.
Qeyd edək ki, son günlər İsrailin və ABŞ-ın İranın hərbi və enerji obyektlərinə qarşı hücumları bölgədə gərginliyi artırıb.