Əsas səhifə » Britaniya vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təşkil olunacaq

Britaniya vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təşkil olunacaq

BAKI, AzerVoice

Böyük Britaniya hava məkanı açılanda Təl-Əvivdən vətəndaşlarını çarter reysləri ilə çıxaracaq.

AzerVoice xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy İsrail-İran münaqişəsinin fonunda Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hava məkanı açılandan sonra Təl-Əvivdən çarter reyslərinin həyata keçiriləcəyini bildirib.

Nazir İsraildə olan Britaniya vətəndaşlarına çağırış edərək, İsrail ərazisində olduqlarına dair məlumat vermələrini və lazım olan halda təlimatları izləmələrini tövsiyə edib.

“İngiltərə vətəndaşlarının təhlükəsizliyi əsas prioritetimizdir” - deyə Lammy əlavə edib.

Bənzər addımı İrlandiya da atıb. İrlandiyanın Xarici İşlər Nazirliyi İsrail və İranda olan vətəndaşlarından citizensregistration.dfa.ie saytında qeydiyyatdan keçməyi xahiş edib. Nazirlik bu tədbirin mümkün hadisələr zamanı İrlandiya səfirliklərinin öz vətəndaşlarının yerini müəyyənləşdirməsinə və dəstək verməsinə imkan yaradacağını bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın hərbi və nüvə obyektlərinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlarda İranın yüksək rütbəli hərbi rəhbərləri və 9 nüvə alimi həlak olub. İran Səhiyyə Nazirliyi 224 mülki şəxsin öldüyünü, 1277 nəfərin yaralandığını açıqlayıb. İran isə cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib, nəticədə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice