Əsas səhifə » İsrailin hücumları dayanana qədər danışıqlar aparılmayacaq - İran

İsrailin hücumları dayanana qədər danışıqlar aparılmayacaq - İran

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin hücumlarını dayandırmasa, danışıqlardan söhbət gedə bilməz.

AzerVoice xəbər verir ki, İran dövlət televiziyasına danışan Əraqçi Cenevrədə İngiltərə, Almaniya və Fransa xarici işlər nazirləri ilə görüşdən əvvəl Tehranda açıqlamalar verib.

"Biz ABŞ-ı İrana hücumda İsrailin işbirliyi və ortağı kimi görürük. Sionist rejimin hücumları davam etdiyi bir vaxtda ABŞ danışıqlar tələb edir və bir neçə dəfə mesajlar göndərib. Hücumlar dayanmayınca heç bir danışıqlardan söhbət gedə bilməz". - deyə Əraqçi qeyd edib.

ABŞ ilə heç bir təmas və ya görüş olmadığını deyən iranlı nazir Vaşinqton administrasiyasının danışıqlar tələb etdiyini, lakin İranın bunu qəbul etmədiyini bildirib.

Əraqçi bu gün Cenevrədə keçiriləcək görüşə də toxunaraq, "Üç Avropa ölkəsi və Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi mənimlə görüş istəyib. Cenevrə danışıqlarımızın mövzusu nüvə proqramıdır. Avropa ölkələri ilə dialoqla bağlı heç bir maneəmiz olmayıb" - ifadələrdən istifadə edib.

Raket məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmadıqlarını vurğulayan Əraqçi, "Müharibənin bitməsi tələbi indi başlayıb və bundan sonra daha da artacaq" dedi. danışdı.

Qeyd edək ki, Tehran administrasiyası daha əvvəl bəyan etmişdi ki, İsrailin hücumları dayandırılmasa, danışıqlara başlamayacaq.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

İran Səhiyyə Nazirliyinin iyunun 15-də verdiyi açıqlamaya görə, İsrailin İrana qarşı hücumları nəticəsində azı 224 nəfər ölüb, 1277-dən çox adam yaralanıb.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice