BAKI, AzerVoice
Yunanıstanda hər il təxminən 400 nəfər dəniz və hovuzlarda boğularaq həyatını itirir. Rəsmi qurumlar bu vəziyyətə qarşı yeni bir təşəbbüsə start veriblər.
Akdeniz hövzəsinin ən uzun sahil xəttinə – 13 min 600 kilometrə sahib olan Yunanıstanda su ilə təmas gündəlik həyatın ayrılmaz hissəsidir. Lakin buna baxmayaraq, boğulma hallarının çoxluğu narahatlıq doğurur. 2023-cü ildə qeydə alınan 388 boğulma hadisəsinin 254-ü 70 yaşdan yuxarı şəxslərin payına düşüb. Boğularaq ölənlərin 68 faizi isə kişilər olub.
14 yaşdan kiçik uşaqlar arasında boğulma, ən çox ölümə səbəb olan ikinci səbəb kimi qeyd olunur. Həm yaşlılar, həm də uşaqlar arasında təhlükənin artmasında əsas amil kimi xilasedicilərin çatışmazlığı göstərilir.
Son beş ildə yalnız 2020-ci ildə boğulma hallarının sayında azalma müşahidə edilib. Bu da COVID-19 pandemiyası səbəbindən turizmin zəifləməsi ilə əlaqələndirilir.
Bu mənzərə fonunda Yunanıstan yeni bir maarifləndirmə kampaniyasına start verib. Layihənin əsas məqsədi dəniz və hovuzlardan istifadə zamanı qaydalar haqqında əhalini məlumatlandırmaq və boğulma səbəbli ölümlərin qarşısını almaqdır.
Kampaniya çərçivəsində, xüsusilə yaşlı əhali üçün nəzərdə tutulmuş reklam çarxları yayımlanır, əhaliyə birinci yardım və ürəyə massaj kimi həyati müdaxilələr üzrə təlimlər verilir. Çünki suda boğulan şəxsin həyatını xilas etmək üçün ilk dəqiqələr həlledicidir.
Avropa Uşaq Təhlükəsizliyi Alyansının məlumatına görə, hər il təxminən 50 min avropalı su idmanı və ya qayıq fəaliyyəti zamanı xəsarət alır. Yunanıstanın bu təşəbbüsü digər Avropa ölkələri üçün də nümunə ola bilər.