BAKI,AzerVoice
İranın Müdafiə Naziri, hər hansı bir təhlükə halında ABŞ-ın regiondan çıxmağa məcbur olacağını bildirib.
AzerVoice xəbər verir ki, İran Müdafiə naziri Briqada Generalı Aziz Nasirzadə, nüvə danışıqları uğursuz olarsa və münaqişə baş verərsə, qarşı tərəfin ağır itkilər verəcəyini və ABŞ-ın regionu tərk etməyə məcbur olacağını açıqlayıb.
Nasirzadə, İran və ABŞ arasında davam edən nüvə danışıqlarına toxunaraq, təəssüflə bəzi rəqib tərəfin rəsmilərinin razılaşma əldə edilmədiyi təqdirdə münaqişə barədə təhdid dolu açıqlamalar verdiklərini qeyd edib.
"Bu halda, ABŞ-ın heç bir seçimi qalmayacaq və regionu tərk etməli olacaq, çünki bütün hərbi bazaları İranın silahlı qüvvələrinin hədəfindədir"- deyə o bildirib.
Həmçinin, Nasirzadə, İranın müdafiə sahəsindəki böyük uğurlarını tərifləyərək, ötən həftə ölkənin iki tonlu döyüş başlığına sahib bir raketini uğurla sınaqdan keçirdiyini vurğulayıb.
İranın heç vaxt hərbi məhdudiyyətləri qəbul etməyəcəyini qeyd edən Nasirzadə, bu mövzuda aparılacaq danışıqların qəti şəkildə qadağan olduğunu bildirib.