BAKI, AzerVoice
Ukrayna ilə cəsəd və məhbus mübadiləsi üzrə yekun razılıq əldə olunmayıb.
AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında İstanbulda aparılan danışıqlarda cəsəd və məhbus mübadiləsi ilə bağlı hələ yekun razılaşmanın əldə olunmadığını, lakin təmasların davam etdiyini bildirib.
Peskov jurnalistlərə açıqlamasında Ukraynalı hərbçilərin cəsədlərinin bir neçə gündür sərhəddə yük maşınlarında gözlədiyini xatırladaraq, "Bu, hər kəsin gördüyü və bildiyi bir həqiqətdir," deyə vurğulayıb.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında mübadilə ilə bağlı əlaqələr davam edir, tərəflər rəqəmləri müqayisə edir, lakin hələlik yekun razılaşma yoxdur. “Ümid edirik ki, razılaşma əldə olunduqdan sonra mübadilə prosesi həyata keçiriləcək,” – deyə Peskov əlavə edib.
Ukrayna tərəfinin cəsədləri nə vaxt qəbul edəcəyi ilə bağlı suala cavab verən Peskov, bu barədə dəqiq məlumatın olmadığını, lakin təmasların davam etdiyini bildirib.
Peskov həmçinin ABŞ-ın sabiq prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyinə dair yayılan məlumatlara da münasibət bildirib. O, Vaşinqton və Trampın komandası ilə təmasların davam etdiyini və tərəflərin lazım gəldikdə təcili məsələləri müzakirə edə biləcəyini bildirib.
Macarıstanın baş naziri Viktor Orbanın Avropa ilə Rusiya arasında strateji razılaşma çağırışına münasibət bildirən Peskov qeyd edib ki, Avropa ilə kollektiv təhlükəsizlik sahəsində ortaq zəmin hələlik görünmür. "Avropa hələ də müharibəyə doğru irəliləyir və militarist ritorika nümayiş etdirir. Ümumi dil tapmaq istəyinə dair heç bir siqnal yoxdur," – deyə Kremlin sözçüsü bildirib.