BAKI, AzerVoice
Avropanın ən isti paytaxtı olan Afinada bu yay rekord temperatur gözlənilir.
AzerVoice xəbər verir ki, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Akropol kimi yerlərdə az kölgənin olması və əvvəlki illərdə 40 dərəcəyə çatan istilər səbəbindən məkanın bir neçə dəfə bağlanması, narahatlığı daha da artırır.
Yunanıstanın Milli Meteoroloji Xidməti yay aylarında – xüsusilə iyul və avqustda – daha da yüksək temperatur qeydə alınacağını proqnozlaşdırır.
CNN International-ın xəbərinə görə, artan turist axını həm infrastruktur, həm də su ehtiyatlarına təzyiqi artıraraq inflyasiyanı gücləndirir. Yunan mediasında yayımlanan köşə yazılarında isə bildirilib ki, artıq Yunanıstanın maksimum turizmə təkbaşına tab gətirməsi qeyri-mümkündür.
Yayda 10 milyon turistin qəbul ediləcəyi gözlənilən ölkəyə bu il təkcə Türkiyədən 1,4 milyon turistin səfər edəcəyi proqnozlaşdırılır. Bu rəqəm rekord göstərici kimi qiymətləndirilir. Travel And Tour World portalının məlumatına görə, qarşılıqlı səfərlərin artması iki ölkə arasında turizm əlaqələrini daha da möhkəmləndirir. Təxminən 800 min yunan turistin də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə 1,2 milyon türk Yunanıstana, 707 min yunan isə Türkiyəyə səfər etmişdi. Bu dinamika 2024-cü ildə də yüksələn xətlə davam edir.