Əsas səhifə » Zelenski İstanbul danışıqlarına görə Türkiyəyə təşəkkür edib

Zelenski İstanbul danışıqlarına görə Türkiyəyə təşəkkür edib

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski, min ukraynalı əsirin evlərinə qayıtması ilə nəticələnən İstanbul danışıqlarında verilən dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib və Türkiyəyə minnətdar olduqlarını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Zelenskinin, Türkiyə Xarici İşlər naziri Hakan Fidanla görüşündən sonra verdiyi açıqlamada deyilir.

Zelenski həmçinin bildirib ki, Hakan Fidanla görüşdə müharibənin sona çatdırılmasına yönələn diplomatik addımları müzakirə ediblər.

“Rusiya dünyadan gələn bütün atəşkəs çağırışlarına məhəl qoymur və qətlləri davam etdirir” - deyə, o bildirib.

Zelenski qeyd edib ki, Rusiya İstanbul danışıqlarının nəticəsi olaraq həyata keçirilən əsir mübadiləsindən sonra atəşkəslə bağlı memorandum hazırlayıb tərəflərə təqdim etməli idi.

“Ukrayna onlardan heç bir sənəd almayıb, Türkiyə də almayıb. Görüşün mənalı olması üçün danışıqların düzgün aparılması lazımdır. Təəssüf ki, Rusiya, növbəti görüşün nəticə verməməsi üçün əllərindən gələni edir” - deyə, Ukrayna prezidenti yekunlaşdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice