BAKI, AzerVoice
ABŞ administrasiyası Çinin ikitərəfli ticarət razılaşmaları üzrə öhdəliklərini ləng şəkildə yerinə yetirdiyini bəyan edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın ticarət üzrə nümayəndəsi Ceymison Qrir CNBC telekanalına müsahibəsində məlumat verib.
Jurnalistlər ondan ABŞ Prezidenti Donald Trampın Pekini Vaşinqtonla ticarət razılaşmalarını pozmaqda ittiham edən bəyanatını şərh etməyi xahiş ediblər.
“Çin öhdəliklərini çox ləng şəkildə yerinə yetirir ki, bu da tamamilə qəbuledilməzdir. Bu vəziyyət düzəldilməlidir” - deyə, ABŞ rəsmisi bildirib.
O əlavə edib ki, ABŞ və Çin arasında ticarət razılaşmalarından sonra Cenevrədə bu məsələlərin müzakirə edildiyini vurğulayıb.
“Biz Çin tərəfindən sazişə əməl olunmasını, yaxud əksinə, edilməməsini diqqətlə izləyirik və bu bizi olduqca narahat edir” — deyə, Qrir bildirib.
Qrir qeyd edib ki, ABŞ məhkəmələrinin Çin idxalına əlavə tariflərin dayandırılması ilə bağlı qərarlarına baxmayaraq, bir çox ölkələr ABŞ-la ticarət danışıqlarını davam etdirməkdə maraqlıdırlar. Hazırda Vyetnam, Avropa İttifaqı (Aİ), Hindistan və Malayziya ilə məsləhətləşmələr aparılır.
Çinin Vaşinqtondakı səfirliyi isə hələlik ABŞ-ın irəli sürdüyü ittihamlara münasibət bildirməyib.
Xatırladaq ki, ABŞ daha əvvəl Çindən idxal olunan mallara üç dəfə əlavə gömrük rüsumları tətbiq edib ki, nəticədə tariflər 145 faizə yüksəlib. Buna cavab olaraq Çin də aprel ayında bütün ABŞ məhsullarına tarifləri 125 faizə qədər artırıb. ABŞ və Çin nümayəndə heyətləri arasında ticarət-iqtisadi məsələlərlə bağlı danışıqlar 10-11 may tarixləri arasında İsveçrədə baş tutub. Görüşlərin yekununda tərəflər bu il mayın 14-dən etibarən qarşılıqlı şəkildə tarifləri azaltmağa razılaşıblar.