Əsas səhifə » Argentinada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunub

Argentinada daşqınlar səbəbindən minlərlə insan təxliyə olunub

BAKI, AzerVoice

Argentina paytaxtı Buenos-Ayresin ətraf ərazilərində və eyni adlı əyalətdəki bəzi şəhərlərdə güclü yağışlar daşqına səbəb olub.

AzerVoice xəbər verir ki, bu barədə "La Nación" qəzeti yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, daşqın nəticəsində 7 mindən çox insan təxliyə edilib. Üç nəfər isə itkin düşüb. Təxliyə olunanların bir qismi fəlakət zonasını öz təşəbbüsü ilə tərk edib.

Güclü yağışlar cümə günündən bəri Buenos-Ayres və onun ətrafında davam edir. Bu müddət ərzində 400 millimetrdən çox yağıntı qeydə alınıb. Əyalət hökuməti xəbərdarlıq edib ki, zərər görmüş bölgələrdə gözlənilən güclü külək, leysan yağış və ildırım səbəbindən "qırmızı səviyyəli" təhlükə qalır.

Qeyd edək ki, mart ayında Buenos-Ayres əyalətinin Bahia-Blanka şəhərində baş verən daşqın nəticəsində 18 nəfər həlak olmuşdu. Həmin vaxt şəhərə bir sutkadan az müddətdə 300 millimetrə yaxın yağıntı düşmüşdü.

Digər Kateqoriyalar

2025 © Azervoice