BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə istənilən yardımı göstərməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
“Əgər tərəflər razılıq versələr və BMT-dən yardım istəsələr, biz istənilən köməyi göstərməyə hazırıq. Aydındır ki, bu, bizdən asılı deyil” – deyə, o qeyd edib.
Baş katib qeyd edib ki, atəşkəsin təmin olunması uzunmüddətli sülhə aparan yolu aça bilər. O əlavə edib ki, BMT-nin mövqeyi Ukrayna münaqişəsinin beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını nəzərdə tutur.
“Düşünürəm ki, belə bir məqamda beynəlxalq hüququn üstünlüyü təmin olunmalıdır. Biz beynəlxalq hüququ müdafiə etməkdən imtina etdiyimiz gün dünyada xaosa yol açacağıq” – deyə, Quterreş vurğulayıb.
Qeyd edək ki, çərşənbə axşamı Berlində BMT-nin sülhü qoruma məsələlərinə həsr olunmuş beynəlxalq konfrans başlayıb. Almaniyanın dəvəti ilə keçirilən tədbirdə 130-dan çox ölkənin nümayəndələri iştirak edir. Görüş sülhməramlılığın gələcəyi ilə bağlı yüksək səviyyəli siyasi forum olmaqla yanaşı, üzv dövlətlərə siyasi dəstəklərini ifadə etmək və nümayiş etdirmək imkanı verir. Konfrans həmçinin iştirakçı ölkələrə sülhməramlı əməliyyatların mövcud çağırışlara daha səmərəli cavab verə bilməsi üçün resurs və imkanların artırılması istiqamətində konkret öhdəliklər götürmək imkanı təqdim edir.