BAKI, AzerVoice
Avropa liderləri Ukraynada atəşkəs və sülh danışıqlarına çağırış ediblər.
AzerVoice xəbər verir ki, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşa baş naziri Donald Tusk Ukraynaya səfər edərək Rusiyanı ilkin şərt olmadan 30 günlük atəşkəsə və danışıqlar masasına çağırıblar.
Kiyevdə yayımlanan birgə bəyanatda Avropa liderləri Ukrayna ilə həmrəy olduqlarını, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Onlar Rusiyanı ABŞ-la birlikdə ədalətli və davamlı sülh üçün şərait yaratmağa dəvət ediblər.
Fransa prezidenti Emmanuel Makron X platformasında yayımladığı mesajında ukraynalıların mübarizəsinin Avropa üçün əhəmiyyətinə toxunaraq, sülhün qeyd-şərtsiz atəşkəslə başlamalı olduğunu vurğulayıb. Liderlər, Rusiya atəşkəslə razılaşmayacağı təqdirdə, Ukraynaya dəstəyi artıracaqlarını da bəyan ediblər.
Qeyd edək ki, Ukraynada davam edən müharibə səbəbilə Avropa liderləri bir neçə dəfə regiona səfərlər edərək diplomatik səyləri gücləndirməyə çalışıblar.