BAKI, AzerVoice
Hindistan dayansa, biz də dayanacağıq.
AzerVoice xəbər verir ki, Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, Hindistanın hərbi əməliyyatlarını dayandıracağı təqdirdə İslamabadın da eyni addımı atmağa hazır olduğunu bildirib.
Dar, Hindistanın Pakistanda üç ayrı hava limanına təşkil etdiyi hücumlara və Pakistan ordusunun cavab tədbirlərinə toxunaraq, regionda artan gərginliyin diplomatik yollarla azaldılmasının mümkünlüyünü vurğulayıb. Nazir bildirib ki, xüsusilə ABŞ və Çinin vasitəçilik səyləri nəticəsində dialoq imkanları ortaya çıxıb.
“Əgər onlar (Hindistan) dayansalar, biz də dayanacağıq. Biz nə dağıntı, nə də resursların boşa sərf edilməsini istəyirik. Hegemonluq olmadan sülh istəyirik,” – deyə Dar bildirib.
ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşə də toxunan Dar, “Top indi Hindistanın qucağındadır” sözləri ilə bölgədəki növbəti addımın Yeni Dehlidən asılı olduğunu qeyd edib.
Qeyd edək ki, Hindistan aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən və 26 mülki şəxsin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti Pakistana yükləyib. Cavab olaraq Hindistan ordusu Pakistan və Azad Kəşmir ərazilərində “terror infrastrukturuna” qarşı raket hücumları həyata keçirib. Pakistan isə hücumların mülki əraziləri hədəf aldığını, nəticədə 31 nəfərin öldüyünü və 57 nəfərin yaralandığını açıqlayıb. Son məlumata görə, qarşılıqlı atəş nəticəsində ümumilikdə 16 nəfər də həyatını itirib.