BAKI,
AzerVoice
Çili hökuməti, ölkənin böyük bir hissəsində baş verən kütləvi
elektrik kəsintisindən sonra fövqəladə vəziyyət elan edib və
komendant saatı tətbiq edib.
AzerVoice xəbər verir ki , Daxili İşlər Naziri Karolina Toha mətbuat konfransında bildirib ki, gecə saat 22:00-dan səhər 06:00-a qədər komendant saatı qüvvədə olacaq.
Fəlakətlərə Qarşı Mübarizə Agentliyinin məlumatına görə, şimaldakı Arika şəhərindən cənubdakı Los Laqosa qədər geniş ərazi işıqsız qalıb.
Bu bölgədə Çilinin 20 milyonluq əhalisinin 90%-dən çoxu yaşayır. Mütəxəssislər bildirir ki, bu, son on ildən bəri ölkədə baş verən ən genişmiqyaslı elektrik kəsintisidir.
Elektrik kəsintisi ölkənin paytaxtı Santyaqoda metro sisteminin iflic olmasına səbəb olub.
Gündə 2,3 milyon sərnişin daşıyan metro şirkəti, qatarlarda sıxışan sərnişinlərin təhlükəsiz evakuasiyasını təmin etmək üçün bütün stansiyalarda işçilərinin fəaliyyət göstərdiyini açıqlayıb.
Çili hökuməti elektrik kəsilməsinin terror hücumu və ya təxribat nəticəsində baş verdiyini təkzib edib.
Rəsmilər bildirir ki, problemin əsas səbəbi elektrik şəbəkəsinin gücündən artıq yüklənməsidir.
Çili hazırda cənub yarımkürəsində yayı yaşadığı üçün elektrik istehlakı yüksək səviyyəyə çatıb, bu da şəbəkənin çöküşünə səbəb ola bilər.