Əsas səhifə » İranda rejim dəyişikliyi qəbuledilməzdir - Peskov

İranda rejim dəyişikliyi qəbuledilməzdir - Peskov

BAKI, AzerVoice

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İranda rejim dəyişikliyinə yönəlmiş istənilən cəhd qəbuledilməzdir. O, İranın ali lideri Ayətullah Əli Xamenei qarşı mümkün sui-qəsdin isə bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini deyib.

AzerVoice xəbər verir ki, Sky News-a verdiyi açıqlamada Peskov qeyd edib ki, əgər İsrail ABŞ-ın dəstəyi ilə Xamenei qarşı sui-qəsd təşkil etsə, bu, Rusiyanın çox mənfi reaksiyasına səbəb olacaq. Onun sözlərinə görə, Moskva belə bir addımı heç vaxt təsdiqləməz.

Peskov həmçinin bildirib ki, İranda rejim dəyişikliyi mövzusu müzakirə olunmalı məsələ deyil və bu ideyanın özü qəbuledilməzdir. “Təsəvvür belə etmək mümkün deyil. Bu barədə danışmaq belə yolverilməz olmalıdır,” – deyə o bildirib.

Kreml sözçüsü əlavə edib ki, Xamenei qarşı sui-qəsd yalnız İran daxilində radikal əhval-ruhiyyəni gücləndirəcək və bölgədə yeni gərginlik dalğası yaradacaq. “Bunu edənlər bilməlidirlər ki, bu addım Pandoranın qutusunu açmaqla eyni olacaq,” – deyə o xəbərdarlıq edib.

Peskov bölgədəki vəziyyətin son dərəcə gərgin olduğunu, qarşıdurmanın digər ölkələri də əhatə etməsinin isə daha genişmiqyaslı münaqişəyə yol aça biləcəyini bildirib. Onun sözlərinə görə, bu hal təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükə yaradacaq.

Sonda o, Rusiya prezidenti Vladimir Putinin münaqişənin həlli üçün vasitəçilik təklifinə mənfi cavab verən Donald Trampın “öz münaqişənizdə vasitəçilik edin” sözlərinə də münasibət bildirib. Peskov bu ifadəni təhqir kimi qəbul etmədiklərini deyib. O qeyd edib ki, Trampın özünəməxsus danışıq tərzi var və Rusiya kifayət qədər dözümlü yanaşır, qarşı tərəfdən də eyni münasibət gözləyir.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

İran Səhiyyə Nazirliyinin iyunun 15-də verdiyi açıqlamaya görə, İsrailin İrana qarşı hücumları nəticəsində azı 224 nəfər ölüb, 1277-dən çox adam yaralanıb.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice