BAKI, AzerVoice
Əmək bazarında sabitliyi qoruyaraq işsizliyi azaldırıq.
AzerVoice xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sosial media hesabında ölkənin mart ayı üzrə əmək bazarı göstəricilərini şərh edib.
O bildirib ki, inflyasiyanın qalıcı şəkildə sabitləşdirilməsi istiqamətində görülən tədbirlərlə yanaşı, işsizliyin azaldılması da davam etdirilir.
Vitse-prezidentin açıqlamasına görə, mövsümi təsirlərdən təmizlənmiş göstəricilərə əsasən, 2025-ci ilin martında işsizlik səviyyəsi 7,9 faizə düşərək 2005-ci ildən bəri ən aşağı səviyyəyə çatıb. Həmin ay ərzində işçi qüvvəsinə qoşulma göstəricisi 0,4 faiz artaraq 53,4 faizə, məşğulluq isə 32,6 milyon nəfərə yüksəlib.
Qeyd olunub ki, təhsilə yönəldilən sərmayələr nəticəsində ali təhsil alan gənclərin sayında ciddi artım müşahidə edilir. Bu artım əmək bazarına da müsbət təsir göstərib. Belə ki, gənclər arasında işçi qüvvəsinə qoşulma göstəricisi 47,4 faiz, işsizlik səviyyəsi isə 15,1 faiz təşkil edir.
Qeyd edək ki, Cevdet Yılmaz Ortamüddətli Proqram çərçivəsində məşğulluğu artırmağa və sosial rifahı gücləndirməyə yönəlmiş siyasətlərin davam etdiriləcəyini də vurğulayıb. O əlavə edib ki, əmək bazarındakı dəyişikliklər yaxından izləniləcək və müvafiq tədbirlər davam etdiriləcək.