BAKI, AzerVoice
Son 10 gündə Türkiyədə baş verən bütün meşə yanğınları nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
"Son 10 gündə meydana gələn bütün yanğınlar artıq nəzarət altındadır. İzmir vilayətində isə 228 ev ciddi şəkildə zərər görüb" – deyə, o bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, ölkədə son 10 gündə ümumilikdə 761 meşə yangını qeydə alınıb. Bu, ilin əvvəlindən bu yana baş vermiş bütün yanğınların təxminən 25 faizini təşkil edir.
Ən böyük yanğınlar İzmir və Manisa, eləcə də Hatay vilayətlərində qeydə alınıb. Yanğınların söndürülməsində 27 təyyarə, 105 helikopter, 6 min yerüstü texnika və 25 min yanğınsöndürən iştirak edib.