BAKI, AzerVoice, Nailə Babazadə
Yəmən Prezident Rəhbərlik Şurasının (PRŞ) sədri Dr. Rəşad əl-Alimi bazar günü bildirib ki, Yəmən dövləti təsisatlarının bərpası və silahlı çevrilişlərin sona çatdırılması istiqamətində yeni və həlledici mərhələyə qədəm qoyub.
AzerVoice xəbər verir ki, o əlavə edib ki, Hədrəmut və əl-Mahra vilayətlərindəki hərbi düşərgələrin qanuni hakimiyyətə təhvil verilməsi prosesi silah üzərində dövlət monopoliyasının bərqərar edilməsi istiqamətində atılmış bir addımdır.
Əl-Alimi bu fikirləri Ər-riyadda Böyük Britaniyanın Yəməndəki səfiri Abda Şərif ilə görüşü zamanı səsləndirib. Şura sədri qeyd edib ki, Ali Hərbi Şuranın yaradılması bütün silahlı qüvvələrin, hərbi və təhlükəsizlik birləşmələrinin Müdafiə və Daxili İşlər nazirlikləri altında birləşdirilməsinə kömək edəcək.
O vurğulayıb ki, komitənin yaradılması dövlətin öz milli prioritetlərindən uzaqlaşmadığına dair bir ismarışdır və hərbi düşərgələrin təhvil verilməsi daxili cəbhənin qorunması üçün doğru qərardır. Bu addım daxili cəbhəni qorumaqla yanaşı, dövlətin səylərini İran tərəfindən dəstəklənən Husi çevrilişinə qarşı həm dinc, həm də hərbi yollarla mübarizəyə yönəltməyi hədəfləyir.
Görüş zamanı o, səfir Şərif ilə yerli hadisələri və azad edilmiş vilayətlərdə asayişin bərpası üçün görülən tədbirləri müzakirə edib. Əl-Alimi Böyük Britaniyanın Yəmənin birliyinə, qanuni hakimiyyətinə, sülh və humanitar yardımlara verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bundan əlavə, əl-Alimi Cənub Keçid Şurasının özünü buraxmaq qərarını "cəsarətli" adlandırıb: "Bu, mövcud mərhələnin həssaslığının və real təhlükəyə qarşı daxili cəbhəni zəiflədə biləcək daxili münaqişələrə sürüklənmə riskinin dərk edildiyini əks etdirən mühüm dönüş nöqtəsidir".
O, növbəti mərhələdə bütün milli, mülki və hərbi qüvvələrin dövlət, qanuni hakimiyyət və qanunun aliliyi ətrafında birləşməsini tələb edib. Sonda əl-Alimi Səudiyyə Ərəbistanının gərginliyin azaldılmasında, Yəmənin cənub daxili dialoquna himayədarlıq etməsində, eləcə də ölkəyə iqtisadi və humanitar dəstək göstərməsindəki mərkəzi rolunu xüsusi qeyd edib.