Bakı, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvəsi (UNIFIL) İsrail ordusunun Livanın cənubunda sərhəd xətti kimi tanınan “Mavi Xətt” yaxınlığında iki ayrı bölgədə patrul xidməti aparan sülhməramlı əsgərlərin olduğu nöqtələrin yaxınlığına atəş açdığını bildirib.
AzerVoice xəbər verir ki, UNIFIL mövzu ilə bağlı ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yazılı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, Livanın cənubundakı Bastara kəndində səhər saatlarında patrul xidməti həyata keçirən UNIFIL əsgərlərinin olduğu nöqtənin yaxınlığına İsrail hərbçiləri tərəfindən ağır silahlarla atəş açılıb.
Bildirilib ki, sözügedən atəş yaxın ərazidə əl qumbarasının partlamasından sonra baş verib. UNIFIL-ə məxsus hər hansı əmlaka ziyan dəyməsə də, açılan atəş və partlayış səsləri nəticəsində bir sülhməramlı əsgər qulaq sarsıntısı alaraq yüngül şəkildə yaralanıb.
Açıqlamada həmçinin bu gün Livanın cənubunda Nəbatiyə vilayətinə bağlı Kefər Şuba qəsəbəsində rutin vəzifə yerinə yetirən başqa bir sülhməramlı patrulun yaxınlığına da İsrail qüvvələri tərəfindən atəş açıldığı bildirilib.
UNIFIL-in patrul və fəaliyyətlərlə bağlı adi prosedurlar çərçivəsində İsrail ordusunu əvvəlcədən məlumatlandırdığı vurğulanıb.
Sülhməramlı əsgərlərə və ya onların yaxınlığına yönələn hücumların BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi çərçivəsində ciddi pozuntu təşkil etdiyi qeyd olunub və İsrail ordusuna “Mavi Xətt” boyunca xidmət edən sülhməramlılara qarşı hücum və aqressiv davranışlara son vermə çağırışı edilib.
Xatırladılıb ki, İsrail ordusu 10 dekabr və 16 noyabr tarixlərində də UNIFIL əsgərlərini tank atəşi ilə hədəf almışdı.