BAKI, AzerVoice, Nailə Babazadə
İsrail Baş Prokurorluğu Hayfa Mərkəzi Məhkəməsinə 27 yaşlı Şimon Azarzar adlı Hərbi Hava Qüvvələri zabitinə qarşı rəsmi ittiham aktı təqdim edib.
AzerVoice xəbər verir ki, o, Həyfa körfəzində yerləşən Kiryat Yam şəhərində yaşayır və İran kəşfiyyatınaİsrail hərbi obyektləri və məkanları haqqında məlumat və şəkillər ötürməkdə günahlandırılır.
İsrail Polisi və Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən yayılan birgə açıqlamaya görə, Şimon Azarzar və həyat yoldaşı — hər ikisi də yəhudi və İsrail vətəndaşı — ötən ilin oktyabr ayında İrana casusluq şübhəsi ilə saxlanılıb. Onların birbaşa İran kəşfiyyatından təlimat aldıqları iddia olunur.
Araşdırmalar göstərib ki, Azarzar bir ildən artıq müddətdə İran kəşfiyyat nümayəndələri ilə birbaşa əlaqədə olub və onlar üçün bir neçə tapşırıq yerinə yetirib. Bunlara İsrail daxilindəki həssas obyektlərin çəkilişi, koordinatların ötürülməsi və hərbi bazalardan məlumat sızdırmaq cəhdləri daxildir.
İddialara görə, o, həyat yoldaşının ehtiyatda xidmət etdiyi Hərbi Hava Qüvvələri bazalarında əldə etdiyi bilgilərdən də istifadə edib. Əldə olunan məlumatlara görə, casusluq fəaliyyətinə görə o, rəqəmsal valyuta ilə ödəniş alıb.
Zabitin həyat yoldaşı, orduda tibb bacısı kimi xidmət edir. O da saxlanılıb, lakin barəsində ittiham aktı hələ tam hazırlanmayıb. Qadın, ərinin casusluq fəaliyyətindən xəbərsiz olduğunu, onunla söhbətlərdə sadəcə adi məişət dialoqları apardığını iddia edir.
Bu hadisə son bir ayda İran üçün casusluqda ittiham olunan israillilərlə bağlı təqdim edilən beşinci ittiham aktıdır. Təhlükəsizlik qurumlarının məlumatına görə, şübhəlilərin əksəriyyəti casusluğa maddi maraq səbəbi ilə cəlb edilib. Hazırda eyni ittihamla saxlanılan 40 nəfərə yaxın şübhəli var və onlar “Damon” həbsxanasında saxlanılır — həmin müəssisə əsasən fələstinli təhlükəsizlik məhbusları üçün nəzərdə tutulub.
Eyni zamanda, İran da öz ərazisində İsrail üçün casusluqda ittiham olunan bir neçə nəfəri həbs edib və bir neçə gün əvvəl 7 nəfərdən ibarət casus şəbəkəsini ifşa etdiyini açıqlayıb.