BAKI, AzerVoice, Nailə Babazadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir.
AzerVoice xəbər verir ki, Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb.
O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.
Nazirlik rəsmisi həmçinin BAEA rəhbərini İranın nüvə proqramı ilə bağlı əsassız fikirlər səsləndirməkdən çəkinməyə çağırıb.
Bundan öncə Qrossi “Associated Press”ə müsahibəsində bildirmişdi ki, İran uranı aktiv şəkildə zənginləşdirmir, lakin son günlər ölkənin nüvə obyektlərində müəyyən hərəkətlilik müşahidə olunub.
Onun sözlərinə görə, agentliyin müfəttişləri bəzi obyektlərə tam giriş əldə edə bilməsələr də, peyk görüntüləri İslam Respublikasının uran istehsalını iyun ayında İsraillə yaşanan 12 günlük müharibədən əvvəlki səviyyədən yuxarı qaldırdığına dair heç bir dəlil göstərmir.