BAKI, AzerVoice, Nailə Babazadə
Suriya Mərkəzi Bankının sədri Əbdülqədir Husariyyə milli valyutanı modernləşdirmək məqsədilə üzərində şəkil və simvol olmayan 6 yeni əskinas seriyasının dövriyyəyə buraxılacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Suriya Mərkəzi Bankının sədri Husariyyə, ölkənin rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada bildirib ki, yeni əskinaslar kiçik, orta və böyük olmaqla müxtəlif ölçülərdə hazırlanacaq.
Husariyyə qeyd edib ki, milli valyutanı modernləşdirmək məqsədilə üzərində şəkil və simvol olmayan 6 yeni əskinas seriyası buraxılacaq və “Yeni əskinaslar yoxlamanı asanlaşdıracaq şəkildə dizayn olunub və beynəlxalq standartlara uyğun hazırlanıb,” – deyə bildirib.
Çap və paylama prosesi başa çatdıqdan sonra yeni əskinaslarla bağlı bütün detalların ictimaiyyətlə paylaşılacağını bildirən Husariyyə, bu əskinasların dövriyyədə olan köhnə və zədələnmiş pulları əvəz edəcəyini, lakin ümumi pul kütləsini artırmayacağını vurğulayıb.
“Bu, bir modernləşdirmə addımıdır, pul kütləsini artırmaq məqsədi daşımır. Məqsəd, pul bazarındakı likvidliyi tənzimləmək və qiymət sabitliyini təmin etmək üçün hədəflənmiş pul siyasətini həyata keçirməkdir. Biz bunu tətbiq edəcəyik.” - deyə Husariyyə əlavə edib.