BAKI,AzerVoice
İraqın xarici işlər naziri Fuad Hüseyn ölkədə 11 noyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinin təxirə salınacağına dair narahatlıqların əsassız olduğunu bildirib. Nazir vurğulayıb ki, İraq Seçki Komissiyası işini normal qaydada davam etdirir və artıq namizədlərin təbliğat kampaniyası başlayıb.
“Hazırda seçkilərin təxirə salınması ilə bağlı daxili səviyyədə heç bir narahatlıq yoxdur. Komissiya fəaliyyətini qaydasında aparır, seçki prosesi plan üzrə gedir.”-deyə Fuad Hüseyn İraq xəbər agentliyinə açıqlamasında bildirib.
Nazir əlavə edib ki, bölgədə böyükmiqyaslı regional münaqişə riski barədə müəyyən narahatlıqlar var, lakin bunların seçki prosesinə təsir edəcək səviyyədə olmadığını qeyd edib.
“Bəzi dairələr mümkün müharibə və ya regional qarşıdurmanın seçkilərə təsir göstərə biləcəyini düşünür. Lakin hazırkı qiymətləndirmələr bu təhlükənin real olmadığını göstərir.”-deyə Hüseyn qeyd edib.
Fuad Hüseyn həmçinin vurğulayıb ki, İraqda demokratik proses sabit şəkildə davam edir və ölkə artıq altıncı demokratik parlament seçkilərinə hazırlaşır.
Sədr hərəkatının seçkiləri boykotu
Digər tərəfdən, şiə milli cərəyanının lideri Müqtəda əs-Sədr bir daha hərəkatının seçkiləri boykot edəcəyini təsdiqləyib.
O, “Sərəya əs-Səlam” hərəkatından bir məsul şəxsin iki üzvün seçkilərə qatılması ilə bağlı sualına cavabında bildirib ki:“Onlar bizdən deyillər… onlar dünya mənfəəti axtaranlardır.”
Sədr tərəfdarlarını xəbərdar edərək bildirib ki, bəzi namizədlər onun və ya “Sədr Hərəkatı”nın adından istifadə edərək təbliğat aparmağa cəhd göstərə bilər.
“Bəzi namizədlər bizimlə əlaqələri olduğunu iddia edirlər, bəziləri yaxınlıq göstərir, bəziləri isə proqramlarını bizim tələblərimizə uyğun kimi təqdim edir. Lakin bunların heç biri həqiqətə uyğun deyil.”-deyə əs-Sədr bildirib.