BAKI, AzerVoice
İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının millət vəkili Amit Halevi, İsrailin HƏMAS-ı hərbi yolla məğlub edə bilmədiyini etiraf edib.
AzerVoice xəbər verir ki, o, "Yedioth Ahronoth" qəzetinə verdiyi müsahibədə hökumətin Qəzzaya qarşı apardığı hücumları tənqid edib.
Halevi bildirib ki, İsrail hökuməti 20 aydır plansız və aldadıcı bir müharibə ilə xalqı yanıldır.
“Bu, saxta bir müharibədir. Qələbə əldə etdiyimiz barədə bizə yalan danışıblar” - deyə, o qeyd edib.
“İsrail HƏMAS-ı məğlub edə bilmir. Keçmişdəki bütün müharibələrdə düşmənlərimizi necə məğlub edəcəyimizi bilirdik. Ancaq HƏMAS-ı məğlub edə bilmirik. Ona görə də biz artıq hərbi qələbədən yox, dağılma, zərər, parçalanma kimi siyasi anlayışlarla danışırıq. Amma ‘məğlub olduq’ və ya ‘təslim olduq’ deyə bilmirik” - deyə, Halevi əlavə edib.
Qeyd edək ki, İsrail parlamenti (Knesset) Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin üzvü olan Halevi, ehtiyatda olan əsgərlərin xidmətdə qalma müddətinin uzadılmasına dair qərarda müxalifəti dəstəklədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.