Bakı. AzerVoice:
Biz Baydenin (Qəzzada) daimi atəşkəs, işğal qüvvələrinin çıxarılması, Qəzzanın yenidən qurulması və əsirlərin mübadiləsini ehtiva edən təkliflərinə müsbət baxırıq.
AzerVoice xəbər verir ki, bu baradə Həmas Baydenin yeni 3 mərhələli atəşkəs təklifi ilə bağlı verdiyi yazılı açıqlamada bildirib.
Baydenin çıxışında qalıcı atəşkəs, İsrailin Qəzzanı tərk etməsi, yenidənqurma və əsir mübadiləsi ilə bağlı maddələrə müsbət baxdığını bildirən Həmas öz bəyanatında: “ABŞ-ın bu münasibəti və beynəlxalq və regional arenada Qəzzadakı müharibənin sona çatması lazım olduğu ilə bağlı formalaşan qənaət, xalqımızın və qəhrəman müqavimət qüvvələrinin əfsanəvi əzminin nəticəsidir” ifadəsi işlədilib.
Bayden Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini bildimişdi. Bu təklifdə birinci mərhələdə altı həftəlik atəşkəs müddətində İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi və tərəflərin saxladığı girovların bir qismini azad etməsi nəzərdə tutulub.
Bayden, hərbi əməliyyatların daimi şəkildə dayandırılması prosesinə keçidlə bağlı danışıqların aparılacağı ikinci mərhələdə kişi əsgərlər də daxil olmaqla, qalan bütün canlı girovların azad ediləcəyini, İsrailin Qəzzadan (birinci mərhələdə) çəkiləcəyini, hərbi əməliyyatların daimi şəkildə dayandırılacağını bildirmişdi. İkinci mərhələdə tərəflər bütün mövzularda razılığa gəlib qalıcı atəşkəsə nail olacağı təqdirdə üçüncü mərhələyə start veriləcəyini əlavə etmişdi. Sonuncu mərhələdə isə Qəzzanın yenidən qurulması prosesi gündəmə gələcək və tərəflərin əlində qalan ölü girovlar təhvil veriləcəkdir.