BAKI,AzerVoice, Orxan Qədirzadə
Türkiyənin Şərqi Aralıq dənizində artan nüfuzu və müdafiə sənayesində əldə etdiyi irəliləyişlər İsrail və Yunanıstanın bölgədə yeni təhlükəsizlik əməkdaşlığına yönəlməsinə səbəb olub. Hər iki ölkə, regiondakı strateji balansı dəyişdirmək məqsədilə, müdafiə modernizasiyasını sürətləndirir və ikitərəfli hərbi layihələri genişləndirir.
AzerVoice xəbər verir ki, İsrail və Yunanıstan Şərqi Aralıq dənizində ortaq dəniz-hava təlimlərini intensivləşdirib. İsrail Baş naziri Benyamin Netanyahunun göstərişi ilə keçirilən görüşlərdə enerji təhlükəsizliyi, gələcək müdafiə layihələri və raketdən müdafiə sistemlərinin tədarükü əsas müzakirə mövzuları olub.
Atina, Avropa İttifaqının SAFE proqramı çərçivəsində ayrılacaq vəsaitlə İsrail istehsalı BARAK MX hava müdafiə sistemi və 36 ədəd PULS çoxlüləli raketatar əldə etməyi planlaşdırır. Bu vəsaitin Yunanıstan vasitəsilə İsrail müdafiə sənayesinə yönəldilməsi gözlənilir.
İsrailin hazırladığı 3 milyard avroluq “Aşil Qalxanı” layihəsi Yunanıstanın köhnəlmiş hava müdafiə platformalarının tam yenilənməsini, ballistik raket və pilotsuz uçuş aparatlarına qarşı müdafiə qabiliyyətinin artırılmasını nəzərdə tutur. Plan çərçivəsində Spyder, BARAK MX və “Davudun Sapandı” kimi sistemlərin Yunan ordusuna inteqrasiyası həyata keçiriləcək.
Yunan mətbuatı, bu modernizasiya prosesinin “Türkiyənin bölgədə güclənən hərbi və diplomatik təsirinə qarşı strateji addım” olduğunu yazır.
Ekspertlər hesab edir ki, Atina və Tel-Əvivin koordinasiyasını artırması Türkiyənin müdafiə sənayesində əldə etdiyi davamlı inkişafla bağlıdır. “Tayfun” ballistik raket sınağı və “Qəzəb” bombasının təqdimatı beynəlxalq mediada geniş rezonans doğurmuş, Türkiyənin yüksək texnologiyalı silah sistemlərində müstəqilliyini sürətlə artırdığı qeyd olunmuşdu.
İsrailin Diaspora naziri Amichai Chikli də açıq şəkildə bildirib ki, ölkəsi “Türkiyənin bölgədə artan təsirinə qarşı Yunanıstan və Cənubi Kipr Rum Admistrasiyası ilə strateji ittifaq qurmaqda qərarlıdır.”