Əsas səhifə » İranda rejimin süqutu bölgəni xaosa sürükləyər - İraq Baş naziri

İranda rejimin süqutu bölgəni xaosa sürükləyər - İraq Baş naziri

BAKI,AzerVoice

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani İranda rejimin süqutu ehtimalı ilə bağlı “BBC” telekanalına verdiyi müsahibədə regiona ciddi xəbərdarlıq edib. AzerVoice xəbər verir ki, o bildirib ki, bu cür ssenari Yaxın Şərqdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıda bilər.

“İrandakı rejim elə də zəif deyil və tez çökəcək bir sistem kimi təqdim edilməsi yanlış yanaşmadır. Bu, dərin köklərə malik və geniş ictimai dayaqları olan bir rejimdir,” – deyə Sudani bildirib.

Baş nazirin sözlərinə görə, əgər İranda rejim devrilərsə, bu, bütün Yaxın Şərqə təsir edəcək:
“Regionda hansısa yerdə münaqişə və ya yanğın baş verərsə, o, mütləq bütün bölgəni bürüyəcək. Bu alovdan heç kim sığortalanmayıb.”

Müsahibəsində Sudani ötən ay baş verən və 12 gün davam edən İran-İsrail müharibəsinə də toxunaraq bildirib ki, İsrail bu əməliyyatlar zamanı İraq hava məkanından istifadə edib və bu, ölkəsinin suverenliyinin açıq şəkildə pozulması deməkdir.

“İraq bu münaqişənin bir hissəsi deyildi. Amma İsrailin hava hücumları ilə biz faktiki olaraq müharibəyə cəlb olunduq. Bu qəbuledilməzdir,” – deyə o qeyd edib.

Baş nazir açıqlayıb ki, ölkəsinin hava hücumlarına qarşı müdafiə sistemi zəifdir və bu səbəbdən Cənubi Koreya və Fransadan müasir sistemlərin alınması üçün addımlar atılıb.
“Biz artıq radar sistemlərinin bir qismini təhvil almışıq. Əsas partiya isə bu il ərzində İraqa gətiriləcək. Koreyadan ilk sistemləri alacağıq, lakin bu, yetərli deyil,” – deyə Sudani bildirib.

İsrail və İran arasında əldə olunan atəşkəsin davamlı olmayacağından narahat olduğunu bildirən Sudani əlavə edib ki, bu sabitsizliyin əsas səbəblərindən biri də İsrailin Baş naziri Benyamin Netanyahunun hakimiyyətdə qalmasıdır.

“Bu şəxs üçün hakimiyyətdə qalma strategiyası müharibələrin və qarşıdurmaların yayılmasıdır. Bu isə təkcə İsrailə deyil, bütün bölgəyə zərər verir. O, istədiyi zaman Suriyanı vurur, Qəzzada atəşkəs pozulur, Livan sakitləşmir,” – deyə Sudani bildirib.

Baş nazirin sözlərinə görə, İraq hökuməti heç bir ölkəyə – nə İsrailə, nə də başqa dövlətə – ölkənin hava məkanını pozmağa icazə verməyəcək və bunun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice