BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi
Afrika qitəsinin dərinliklərində, mediadan və diplomatiyanın hay-küyündən uzaqda, İsrail özünün gizli təsir şəbəkəsini hörür. Bu təsir şəbəkəsi oradakı təhlükəsizlik və siyasi sistemlərin əsas mərkəzlərinə qədər nüfuz edir. Texniki əməkdaşlıq və hərbi təlim vədləri ilə Mossad genişmiqyaslı sızma əməliyyatı aparır, bəzi rejimlərin zəifliyi və təhlükəsizlik boşluqlarından istifadə edərək qitədə daimi İsrail varlığını möhkəmləndirməyə çalışır.
Uqandadan Efiopiyaya, Nigeriyadan Cənubi Afrikaya qədər yerli şəxslərin işə cəlb edilməsi, müasir elektron nəzarət vasitələrinin istifadə olunması və zahirdə inkişaf yönümlü, əslində isə İsrailin təhlükəsizlik məqsədlərinə xidmət edən mülki şirkətlərin fəaliyyəti barədə məlumatlar üzə çıxır.
7 oktyabr hadisələrindən sonra bu nüfuzlanma əhəmiyyətli dərəcədə artıb. İsrail bu vasitələrlə beynəlxalq təşkilatlarda öz siyasi təsirini gücləndirmək, ənənəvi olaraq Fələstini dəstəkləmiş Afrika ölkələrinin mövqeyini dəyişdirmək niyyətindədir.
İsrailin Afrikaya marağı 1950-ci illərdən başlayıb. Qitə sadəcə Qərbin arxa bağı kimi deyil, gizli mübarizə meydanı kimi də qəbul olunurdu. Bu səssiz arenada Mossad ən önəmli oyunçulardan biri olub.
İsrailin ilk baş naziri David Ben Gurion "ərəb düşmən dairəsini" parçalamaq üçün Afrikaya sızma strategiyası hazırlamışdı. Afrika onun üçün təsir və siyasi təzyiq platformasına çevrilməli idi.
Zeytun Araşdırmalar Mərkəzinin nəşr etdiyi elmi məqalədə gələcək tədqiqatlar üzrə mütəxəssis Dr. Valid Abdulhay bildirir ki, bir akademik İsrail tədqiqatında belə təklif verilmişdi: “İsrail afrikalı miqrantları təlimdən keçirib vətənlərinə geri göndərməli və orada yerli casus şəbəkələri qurmalıdır”.
Bu strategiyanı həyata keçirmək üçün İsrail yumşaq vasitələrə və mülki görkəmli qurumlara üz tutdu. Texniki əməkdaşlıq proqramları, kənd təsərrüfatı yardımları və təhlükəsizlik kursları vasitəsilə minlərlə israilli ekspert və məsləhətçi Afrikaya göndərildi. Məqsəd yalnız afrikalı kadrları hazırlamaq deyil, həm də uzunmüddətli kəşfiyyat şəbəkəsi qurmaq idi – xüsusilə Efiopiya, Uqanda, Konqo, Cənubi Sudan və Cənubi Afrikada.
Bu varlıq inkişaf adı altında olsa da, əslində təhlükəsizlik orqanları ilə əməkdaşlıq və işə cəlb əməliyyatlarının örtüyü idi. Sızmış “Casus naqillər” (Spy Cables) adlı sənədlər bu fəaliyyəti təsdiqləyir. Həmin sənədlər Mossadın Afrikada diplomatik və logistika imkanları ilə işləyən aktiv şəbəkələrini ifşa edib.
Paralel strukturlar və qeyri-rəsmi şəbəkələr
Rəsmi kanallarla yanaşı, Mossad qeyri-rəsmi, paralel şəbəkələr də qurub. Bunların əsasını yerli əməkdaşlar və Afrikadakı yəhudi icmaları təşkil edir.
“Sayanim” adlı könüllülər bu dəstəyin qeyri-rəsmi dayaqlarındandır. Onlar Mossadın rəsmi əməkdaşı olmasalar da, məxfi əməliyyatlarda dəstək verirlər. Bu haqda keçmiş Mossad zabiti Viktor Ostrovski öz xatirələrində geniş yazıb.
Bu könüllülər Mossad əməliyyatlarını dolayı yolla dəstəkləyir – məsələn, mənzil və ya nəqliyyat vasitəsi təmin etməklə. Onlar dünyanın müxtəlif ölkələrində, o cümlədən Afrikada fəaliyyət göstərirlər.
Yəhudi icmaları ilə əlaqəli yerli təhlükəsizlik təşkilatları da ortaya çıxıb. Məsələn, “İcma Təhlükəsizliyi Təşkilatı” (Community Security Organisation) İsrail əleyhinə fəaliyyət göstərən qrupların, xüsusilə “BDS” (Boycott, Divestment, Sanctions) hərəkatının izlənməsi ilə məşğul olub.
Rəsmi sənədlərdə bu təşkilatların Mossadla birbaşa əlaqəsi təsdiqlənməsə də, bir çox analitik onların fəaliyyəti ilə İsrailin təhlükəsizlik maraqları arasında ciddi uyğunluq gördüyünü bildirir.
Təlim institutları və diplomatik örtük
İsrail, Afrika ölkələrindəki təsirini yalnız gizli fəaliyyətlərlə deyil, rəsmi və mülki görkəmli qurumlar vasitəsilə də genişləndirib. Bu məqsədlə bir neçə vasitə – aviaşirkətlər, təlim institutları və texniki əməkdaşlıq proqramları – istifadə edilib.
Tədqiqatçı Valid Abdulhay yazır ki, İsrailin milli aviaşirkəti “El Al” (El Al Israel Airlines) bəzi hallarda gizli zabitlərin və xüsusi avadanlıqların Tel-Əvivdən Afrika paytaxtlarına daşınması üçün örtük kimi istifadə olunub. Bu fəaliyyətlər bəzən ev sahibi ölkələrin hökumətləri ilə razılaşdırılıb.
Digər tərəfdən, Galilee International Management Institute kimi təlim müəssisələri yüzlərlə afrikalı lideri və məmuru müxtəlif sahələr üzrə hazırlayıb. Rəsmi olaraq bu proqramlar “idarəetmə bacarıqları” ilə bağlı olsa da, təlimlərə hərbi və təhlükəsizlik sahələri də daxil edilib.
Əksər Afrika ölkələrində bu institutu bitirmiş, hazırda hökumət strukturlarında çalışan ən azı bir və ya bir neçə şəxs mövcuddur. Bu diplomatik-təlim strategiyası İsrailə uzunmüddətli təsir imkanları qazandırıb.
Bu prosesin kulminasiya nöqtələrindən biri 2016-cı ildə baş nazir Benyamin Netanyahunun Afrikaya səfəri olub. Netanyahu burada İsraildə təlim keçmiş liderlərlə görüşərək əlaqələri daha da möhkəmləndirib.
2021-ci ildə isə Mossadın hazırkı rəhbəri David Barnea Çad Respublikasına səfər edərək İsrailin bölgədə – xüsusilə Liviya və Əlcəzairdə – təhlükəsizlik monitorinqini həyata keçirə biləcəyi qabaqcıl bir baza yaratmaq barədə danışıqlar aparıb. Bu baza İsrailin Mərakeşə də dəstək verməsini əhatə edir.
Təhlükəsizlik fəaliyyəti gizli saxlanılsa da, Tel-Əviv bu təsiri "texniki və inkişaf əməkdaşlığı" kimi təqdim edərək ictimaiyyətə yumşaq şəkildə təqdim edir. Afrika Tədqiqatları və Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Məhəmməd Salehin sözlərinə görə, İsrailin Afrikadakı ictimai imici zəifdir və ona görə də o, zəif təhlükəsizlik infrastrukturuna malik rejimləri mülki görkəmli şirkətlərlə hədəfə alır.
Bu əməkdaşlıqların çoxu daha geniş siyasi razılaşmaların tərkib hissəsi kimi həyata keçirilir. Eyni zamanda, Afrika ölkələrindəki yəhudilərin sayının azalması təhlükəsizlik orqanlarının miqrasiya planlarından daha çox, ictimai monitorinq və yumşaq təsir strategiyalarına yönəlməsinə səbəb olub.
“Times of Israel” qəzetinin verdiyi məlumata görə, İsrail xüsusi qüvvələri hazırda Afrikada 12-dən çox ölkənin hərbi birləşmələrini təlimatlandırır. Bu isə İsrailin qitədəki diplomatik təsirini genişləndirmək üçün uzunmüddətli bir strategiyanın hissəsidir.
Kibertexnologiya: Kəşfiyyatın xidmətində
Son illərdə İsrailin kibertəhlükəsizlik və texniki casusluq sahəsində ixtisaslaşmış şirkətləri Afrikada əsas aktorlardan birinə çevrilib. Bu şirkətlər, yalnız terrorla mübarizə və cinayətkarlığın qarşısını almaq məqsədilə deyil, həm də siyasi repressiyaları gücləndirmək və avtoritar rejimlərin hakimiyyətini möhkəmləndirmək üçün istifadə olunub.
Ən tanınmış nümunələrdən biri “NSO Group” şirkətidir. Onların hazırladığı “Pegasus” adlı casus proqramı bir sıra Afrika ölkələrində siyasi müxaliflərə, jurnalistlərə və insan haqları fəallarına qarşı istifadə edilib.
“Brookings” İnstitutunun hesabatında bildirilir ki, bu proqramlar yalnız təhlükəsizlik məqsədilə deyil, həm də daxili siyasi nəzarət və avtoritar idarəçiliyin möhkəmləndirilməsi üçün geniş şəkildə istifadə olunub.
“Forbidden Stories” və “Amnesty International” kimi beynəlxalq platformaların apardığı araşdırmalar göstərib ki, Ruanda, Toqo, Cənubi Afrika və Uqanda bu proqramlardan istifadə edən və ya bu vasitələrlə izlənilən ölkələr arasındadır. Bu isə qitədə rəqəmsal casusluq müharibəsinin mürəkkəb mənzərəsini ortaya qoyur.
Qeyd edək ki, NSO və Verint kimi şirkətlərdə çalışanların əksəriyyəti İsrailin hərbi kəşfiyyat orqanı olan “8200-ci Bölmə”nin keçmiş üzvləridir. Bu bölmə elektron dinləmə və kiberhücum sahəsində ixtisaslaşıb. Beləliklə, bu şirkətlərlə İsrail dövləti arasında üzvi əlaqə mövcuddur.
Nelson Mandelanın nəvəsi Zülfiliyel Mandela bəyan edib ki, İsrail diktator rejimlərə casusluq proqramları sataraq və separatçı hərəkatlara kənd təsərrüfatı adı altında silah verərək Afrikaya nüfuz edir. O, İsrailin bəzi ölkələrdə vətəndaş müharibələrini alovlandırmaq yolu ilə ictimai strukturun zəiflədilməsinə çalışdığını vurğulayıb.
Beynəlxalq münasibətlər və kibertəhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, İsrail bu şirkətləri yalnız iqtisadi və təhlükəsizlik məqsədilə yox, həm də diplomatik alət kimi istifadə edir. Bu yolla rəsmi münasibətlərin olmadığı ölkələrlə də əlaqə qurmaq mümkündür.
Bu kontekstdə Məhəmməd Saleh bildirir ki, İsrail bu yolla əlaqələrin rəsmiləşdirilməsinə ehtiyac olmadan öz təsir dairəsini genişləndirir.
Casusluq infrastrukturunun şirkət üzərindən idarəsi
İsrailin təsiri yalnız casus proqramlarla məhdudlaşmır. Şirkətlər vasitəsilə idarə olunan genişmiqyaslı təhlükəsizlik infrastrukturu da qurulub. Bu strukturlar zahirdə mülki, əslində isə açıq şəkildə İsrailin təhlükəsizlik gündəminə xidmət edir.
Bunlardan biri “Magal Security Systems” şirkətidir. Şirkət özünü təhlükəsizlik sistemləri üzrə ixtisaslaşmış bir qurum kimi təqdim edir və Afrikanın bir çox ölkəsində fəaliyyət göstərir.
Bundan əlavə, “Elbit Systems” və “Black Cube” kimi şirkətlər də qeyd olunmalıdır. Elbit müasir müşahidə texnologiyaları və sərhəd təhlükəsizliyi sahəsində ixtisaslaşıb. O, Afrika ölkələrinə elektron nəzarət sistemləri və hərbi texniki dəstək təqdim edir.
“Black Cube” isə özəl casusluq və məlumat toplama üzrə xidmətlər göstərir. Bu şirkət İsrailin strateji maraqlarını dəstəkləmək üçün istifadə olunur. Onların fəaliyyəti Afrikanın müxtəlif hissələrində, o cümlədən kritik bölgələrdə qeydə alınıb.
Ekspertlər bildirirlər ki, bu şirkətlər yalnız kommersiya qurumları deyil. Onlar İsrailin təhlükəsizlik və siyasi təsirini yaymaq üçün strateji alətlərdir. Təhlükəsizlik təlimləri və texniki dəstək vasitəsilə bu şirkətlər hökumətlər üzərində dolayı yolla ciddi təsir gücünə sahib olurlar.
“Africa Report” jurnalının araşdırmasına görə, İsrail bu şirkətlərin qitədə yer tutması üçün yüksək səviyyəli əlaqələri olan məsləhətçilər və iş adamlarından ibarət geniş bir şəbəkədən istifadə edir.
Bu şəbəkələr Sudan və Qana kimi ölkələrdə aktiv fəaliyyət göstərib. Onların dəstəyi ilə NSO və Verint Afrikada müşahidə bazarında dominant mövqe əldə ediblər.
Beynəlxalq səviyyədə İsrail Afrikadakı təhlükəsizlik və kəşfiyyat təsirini bir diplomatik təzyiq vasitəsinə çevirib. Hərbi və texniki əməkdaşlıq vasitəsilə Afrikadakı bir çox ölkənin dəstəyini qazanmağa, ən azı isə onların Fələstin məsələsində neytral qalmasını təmin etməyə çalışır.
İordaniya Universitetinin siyasi elmlər üzrə professoru Dr. Əyman əl-Bərasənə qeyd edir ki, son illərdə İsrail Afrikada geniş təsir qurmaq üçün səylərini artırıb. Bunun üçün əsas mexanizmlər silah tədarükü, kibertəhlükəsizlik texnologiyaları və kəşfiyyat dəstəyi olub.
Əl-Bərasənənin sözlərinə görə, hazırda İsrail Afrika qitəsindəki 41 ölkədən 33-ü ilə rəsmi diplomatik münasibətlərə malikdir. O bildirir ki, təhlükəsizlik əməkdaşlığı İsrailin Fələstinlə həmrəylik göstərən Afrika mövqelərini zəiflətmək cəhdlərinin əsas vasitəsidir – xüsusilə BMT, UNESCO və Beynəlxalq Ədalət Məhkəməsində keçirilən səsvermələrdə.
Bu siyasətin nəticələri 7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı başlanan müharibədən sonra daha aydın görünməyə başladı. İsrail bəzən bəzi Afrika rejimlərini rəsmi şəkildə öz tərəfinə çəkməyə nail olsa da, Afrikadakı ictimai rəyin gücü qarşısında təsiri məhdud qalır.
İsrailin diplomatik təsir siyasətinə qarşı ən güclü cavab Cənubi Afrikadan gəldi. Bu ölkə İsrailin təzyiqlərini rədd etməklə kifayətlənmədi, eyni zamanda Qəzza müharibəsində soyqırım törətmək ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı rəsmi iddia qaldırdı.
Bir çox ekspertlər hesab edir ki, İsrailin Afrika ölkələrinin mövqelərini neytrallaşdırmaq istiqamətindəki səyləri Afrika xalqlarının ictimai vicdanı və vətəndaş hərəkatları qarşısında ciddi maneəyə tuş gəlir. Çünki bu hərəkatlar hələ də İsraili “irqi ayrı-seçkilik və işğal rejimi” kimi görür və öz hökumətlərinə beynəlxalq platformalarda Fələstinlə həmrəylik göstərmək üçün təzyiq edir.
Professor əl-Bərasənə bildirir ki, son Qəzza müharibəsi İsrailin Afrikadakı təsirini ölçmək üçün bir dönüm nöqtəsi oldu. Həmçinin, bu hadisələr İsrailin rəsmi səviyyədə əldə etdiyi diplomatik münasibətlərin ictimai müqavimət qarşısında nə qədər zəif olduğunu göstərdi.
İsrailin Afrikadakı təsir strategiyası sadəcə iqtisadi və ya diplomatik maraqlarla izah olunmur. Əsas məqsəd Fələstin məsələsində Afrika dəstəyini zəiflətmək, qitə xalqlarının tarixi həmrəyliyini parçalamaq və regionda uzunmüddətli təhlükəsizlik tərəfdaşlıqları qurmaqdır.
Lakin diplomatiya ilə casusluq arasında sərhədlərin silindiyi bu ssenaridə İsrailin qarşılaşdığı ən böyük maneə, Afrika cəmiyyətlərinin tarixi ədalət hissidir. Xüsusilə Fələstin məsələsində qitənin dərin və davamlı həmrəyliyi, İsrailin bu regiondakı təsirinin strukturlaşmasını ciddi şəkildə məhdudlaşdırır.