Əsas səhifə » İbrahim razılaşmasının yeni iştirakçısı: Suriya masaya oturur

İbrahim razılaşmasının yeni iştirakçısı: Suriya masaya oturur

BAKI,AzerVoice Analitik təhlil Mərkəzi

Suriya mühüm bir yolayrıcındadır. 14 may 2025-ci il tarixində Ər-Riyadda ABŞ prezidenti Donald Tramp, Suriya prezidenti Əhməd əş-Şəraa və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iştirakı ilə baş tutan tarixi görüş, iki ölkə arasında 1944-cü ildən bəri keçirilən yeddinci, son 25 ildə isə ilk zirvə oldu. Hər dəfə bir Suriya prezidenti ABŞ prezidenti ilə görüşəndə – yaxud belə bir görüşə yaxınlaşanda – Suriyanın xarici siyasətində əsaslı dönüş nöqtələri meydana çıxıb. İndiki mərhələdə isə bu dönüş, Dəməşqin “İbrahim razılaşmasına” yaxınlaşması istiqamətində baş verir.

Hazırda Suriya siyasi və hərbi Fələstin təşkilatları ilə əvvəlki münasibətlərini tamamilə kəsmək üzrədir. Donald Tramp isə bölgədə yeni və hərtərəfli sülh təşəbbüsünə start verir. Bu prosesin əsas iştirakçılarından biri də Suriya olacaq. Prosesin sonunda Dəməşq və Təl-Əviv arasında münasibətlərin normallaşması baş tutacaq. Bu isə "müqavimət oxu" adlandırılan ittifaqın tamamilə darmadağın olunması ilə nəticələnəcək. Bu dağıntı Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın məhv edilməsi ilə müşayiət olunacaq.

Aşağıda 1944-cü ildə Suriyanın Vaşinqtonda nümayəndəlik açmasından bu günə qədər keçirilən ABŞ–Suriya zirvələrinin tarixçəsi təqdim olunur:

Görüşsüz qalan zirvə: Şükri Qüvətli–Ruzvelt (1945)
Bu gün Tramp–Şəraa görüşünü təşkil edən vəliəhd şahzadə Məhəmməd bin Salman kimi, 1945-ci ildə kral Əbdüləziz də Suriya prezidenti Şükri əl-Qüvətli ilə ABŞ prezidenti Franklin Ruzvelti Misirdə görüşdürmək istəmişdi. Görüş Yalta Konfransından dərhal sonra, Ruzvelt və Əbdüləziz arasında 14 fevral 1945-ci ildə baş tutmuş məşhur görüşdən sonra planlaşdırılmışdı.

Hələ heç bir Suriya prezidenti ABŞ prezidentilə görüşməmişdi. Lakin istisna olaraq, 1908-ci ildə Osmanlı səfiri kimi Vaşinqtonda çalışan Məhəmməd Əli əl-Abid ABŞ prezidenti Teodor Ruzveltlə görüşmüşdü. 1910-cu ildə Teodor Ruzvelt Suriya (Dəməşq) səfərində yerli liderlərlə görüşməmişdi.
Qüvətli ilə Ruzvelt arasında planlaşdırılan görüş, prezidentin səhhətindəki problemlər səbəbilə baş tutmadı. Görüşün məqsədi Suriyanı İkinci Dünya Müharibəsində müttəfiqlər tərəfinə çəkmək idi. Bu məqsəd, 17 fevralda Qüvətlinin Britaniya baş naziri Uinston Çörçill ilə görüşü nəticəsində reallaşdı. Nəticədə Suriya Almaniyaya müharibə elan etdi və 1945-ci ilin aprelində San-Fransiskoda keçirilən BMT-nin təsis konfransına dəvət aldı. Bu beynəlxalq dəstək Suriyanın 1946-cı ildə Fransız mandatından azad olmasına gətirib çıxardı.

ABŞ–Suriya münasibətləri Ruzveltin ölümündən sonra və 1948-ci il Fələstin müharibəsi dövründə pisləşdi. Suriya Soyuq Müharibədə SSRİ ilə ittifaq qurdu. Qüvətlinin sonuncu prezidentliyi dövründə, 1957-ci ildə ikitərəfli münasibətlər tamamilə dayandırıldı. Münasibətlər yalnız 1961-ci ildə Misir ilə birliyin pozulmasından sonra bərpa olundu. 1967-ci ilin iyun müharibəsi ilə yenidən kəsildi və yalnız 1974-cü ildə, Hafiz Əsədin hakimiyyətə gəlməsindən 4 il sonra bərpa edildi.

Birinci zirvə: Əsəd və Nikson (1974)
15 iyun 1974-cü ildə ABŞ prezidenti Riçard Nikson Dəməşqə rəsmi səfər etdi. Məqsəd həm Yaxın Şərq sülh prosesi, həm də Vaşinqtonda baş verən “Uotergeyt qalmaqalı”nın üstünü örtmək idi. ABŞ, o dövrdə Misir prezidenti Ənvər Sədatla İsraillə sülh təşəbbüsündə idi və Nikson eyni prosesi Suriyaya da yaymaq istəyirdi. Lakin dövlət katibi Henri Kissincer, İsrailin 1967-ci ildən işğal etdiyi Colan yüksəkliklərindən çıxacağına dair yazılı təminat vermədi. Səfər nəticəsində diplomatik münasibətlər tam bərpa olundu, amma sülh prosesi üzrə real irəliləyiş əldə edilmədi. Nikson, Dəməşq səfərindən cəmi 2 ay sonra, 8 avqust 1974-cü ildə istefa verdi.

İkinci zirvə: Əsəd və Karter (1977)
9 may 1977-ci ildə Hafiz Əsəd Cenevrədə “İnterkontinental” otelində ABŞ prezidenti Cimmi Karterlə görüşdü. Karterin əsas məqsədi yenidən Suriyanı sülh prosesinə cəlb etmək idi. Lakin Əsədin əsas məqsədi daxili və beynəlxalq mövqeyini gücləndirmək idi – o dövrdə İxvanla müharibə və Livan müharibəsində iştirak davam edirdi. ABŞ, Suriyanın Fələstin təşkilatlarını Livandan çıxarmaq üçün müdaxiləsinə açıq şəkildə qarşı çıxmasa da, Əsəd Sədatın 1977-ci ilin noyabrında Qüdsə səfərinə və 1978-ci il Kemp-Devid sazişinə ən sərt qarşı çıxan lider oldu. Karter, prezidentliyini bitirdikdən sonra dəfələrlə Suriyaya səfər edib Əsədlə 1983, 1987 və 1990-cı illərdə görüşdü.

Üçüncü zirvə: Əsəd–Corc Buş (1990)
Livan vətəndaş müharibəsi dövründə ABŞ–Suriya münasibətləri dalğavari formada inkişaf etdi. Hafiz Əsəd, Ronald Reyqanla heç görüşməsə də, telefonla danışmışdı. 1983-cü ilin sonu, oktyabrda dəniz piyadalarının qərargahına edilən hücumdan sonra ABŞ ordusu Suriyada yerləşən hədəfləri vurdu. 1984-cü ilin əvvəlində isə Suriya ABŞ zabiti Robert Qudmanın azad olunmasına yardım göstərdi.

1990-cı ilin avqustunda Səddam Hüseyn Küveyti işğal etdi. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya Suriya da Səudiyyənin xahişi ilə qoşuldu. Noyabrda Əsəd və prezident Corc Buş Cenevrədə görüşdülər. Bu zirvə həm məzmun, həm nəticələr baxımından əvvəlkilərdən daha əhəmiyyətli oldu. Suriya, “Səhrada Fırtına” əməliyyatında iştirak etdi, sonra isə Madrid Sülh Konfransında iştirak etdi. Əvəzində ABŞ Suriyanın Livandakı mövcudluğuna göz yumdu və Mişel Aunun Fransaya təxliyəsini dəstəklədi.

Dördüncü zirvə: Əsəd və Klinton (1994)
16 yanvar 1994-cü ildə prezident Bill Klinton hakimiyyətə gələndən bir il sonra, Osloda əldə olunmuş sazişin ardınca İsrailin Colandan çıxacağına dair “Rabin əmanəti”ni Hafiz Əsədə təqdim etdi. Cenevrədə keçirilən görüşdə Klinton İsrailin etimadını gücləndirmək istəyirdi, Əsəd isə əvvəlcə İsrailin Colandan çıxmasını istəyirdi. Əsəd ABŞ-ın tələbi ilə Suriyadakı yəhudilərə istədikləri ölkəyə, İsrail istisna olmaqla, köçməyə icazə verdi.

Beşinci zirvə: Yen də Əsəd–Klinton (1994)
27 oktyabr 1994-cü ildə Klinton Dəməşqə səfər etdi. Bu, Niksonun səfərindən 20 il sonra bir ABŞ prezidentinin Suriyaya ikinci səfəri idi. O, İsrail–İordaniya arasında imzalanmış Vadi Ərəbə sazişindən iki gün sonra gəlmişdi. Klinton Suriyanın fələstinli fraksiyaları Dəməşqdən çıxarmasını və Hizbullaha dəstəyi dayandırmasını istəyirdi. Baxmayaraq ki, bu görüş nəticə vermədi, Hafiz Əsəd üçün regionda nüfuz baxımından əhəmiyyətli idi. 1999-cu ildə kral Hüseynin dəfnində Əsəd və Klinton qısa görüş keçirdi.

Altıncı və son zirvə: Bu dəfə də Əsəd–Klinton (2000)
1990-cı illərdə ABŞ-ın vasitəçiliyi ilə Suriya–İsrail danışıqları davam edirdi. Hafiz Əsəd, Baş Qərargah rəisi Hikmət Şəhabi və xarici işlər naziri Faruq Şərəni danışıqlara göndərmişdi. Yanvar 2000-də Suriya xarici işlər naziri və İsrail baş naziri arasında birbaşa danışıqlar oldu. Klinton, mart ayında Cenevrədə Hafiz Əsədlə görüşdü, lakin Əsəd artıq ağır xəstə idi və əsas hədəfi oğluna hakimiyyəti ötürmək idi. ABŞ-ın təqdim etdiyi “Tabariya gölü üzərində birgə suverenlik” təklifini rədd etdi. Görüş cəmi bir neçə dəqiqə sürdü və sənədləşdirilmədi. Əsəd 10 iyun 2000-ci ildə vəfat etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice