BAKI, AzerVoice
Türkiyə Suriyaya gündə 6 milyon kubmetr təbii qaz göndərəcək.
AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Suriyaya enerji dəstəyinin artırılacağını açıqlayıb. Nazir CNN Türk-ə verdiyi müsahibədə bildirib ki, Türkiyədən Suriyaya gündə 6 milyon kubmetr təbii qaz göndərilməsi planlaşdırılır və bu göstəricinin illik 2 milyard kubmetrə çatdırılması hədəflənir.
Bayraktar təbii qazın Kilis üzərindən Hələbə ötürüləcəyini və bu qazın Suriyadakı təbii qazla işləyən elektrik stansiyalarında istifadə olunacağını bildirib: “Gündəlik 6 milyon kubmetr təbii qaz Hələbdə elektrik istehsalında istifadə ediləcək. Üç ay ərzində bu axını başlatmağı planlaşdırırıq”.
Nazir əlavə edib ki, Suriyada həyatın normallaşması Türkiyənin əsas prioritetlərindən biridir. Bu çərçivədə, elektrik enerjisi ixracı da genişlənəcək. Hazırda Hələbə 200 meqavat elektrik tədarük edilir, lakin bu göstəricinin yaxın aylarda 800 meqavata qədər artırılması planlaşdırılır.
Qeyd edək ki, Bayraktar Suriyanın yeni energetika naziri ilə görüşdüyünü və bu görüş zamanı Suriyanın 10 min meqavatlıq enerji ehtiyacının yalnız 1700 meqavatının qarşılandığını öyrəndiklərini qeyd edib. Nazir Suriyanın neft, qaz və digər təbii ehtiyatlarının iqtisadi dövriyyəyə daxil edilməsinin vacibliyini vurğulayıb.