BAKI,AzerVocie analitik Təhlil Mərkəzi
İranın cənubundakı Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcəi limanında baş verən güclü partlayış nəticəsində azı 70 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb. Partlayışın mərkəzinin İran Ali Lideri Əli Xameneinin ofisi və SEPAH ilə əlaqəli bir quruma məxsus olması, hadisənin səbəbləri ilə bağlı ciddi suallar doğurur.
Partlayış, İran Ali Liderinin ofisinin nəzarət etdiyi və SEPAH-la (İslam İnqilabı Keşikçiləri Korpusu) əlaqəli olan "Bonyad-e Mostazafan" adlı xeyriyyə təşkilatına məxsus bir müəssisədə baş verib. Bu fond, SEPAH-ın ballistik raket arsenalı və ölkə xaricindəki əməliyyatları ilə əlaqəli yüksək səviyyəli rəsmilərlə bağlıdır.
Partlayışın səbəbi hələ rəsmi şəkildə açıqlanmasa da, yerli mənbələr limana ballistik raketlərdə istifadə edilən bərk yanacaq üçün vacib olan kimyəvi bir maddənin gətirildiyini bildirirlər. İran rəsmiləri bu iddianı inkar etsələr də, getdikcə artan sayda yerli xəbər mənbələri limana yüksək partlayış gücünə malik sirli bir yükün daxil olduğunu bildirirlər.
London Universitet Kollecinin kimya professoru Andrea Sella bildirib ki, İranın sanksiyaları pozaraq nüvə proqramını dəstəkləməsi uzun tarixə malikdir. O, bu cür təhlükəli maddənin limanda saxlanılmasını “ağlasığmaz və dəli bir davranış” adlandırıb.
“Bonyad” – farsca “fond” deməkdir – İran iqtisadiyyatında geniş təsirə malik bir qurumdur. Onun kökləri şah Məhəmməd Rza Pəhləvi dövrünə gedib çıxır. 1979-cu il İslam inqilabından sonra Ayətullah Xomeyni bu fondu həmin dövrdəki əmlakları və dini azlıqlardan – xüsusilə bəhailər və yəhudilərdən – müsadirə olunan şirkətləri idarə etmək üçün qurmuşdu.
ABŞ Konqresinin Tədqiqat Mərkəzinin 2008-ci il hesabatına görə, “Bonyad-e Mostazafan” həmin vaxt İranın ÜDM-nin 10 faizini təşkil edirdi. ABŞ Maliyyə Nazirliyi isə 2020-ci ildə fondun milyardlarla dollar dəyərində olduğunu bəyan edib. Fondun sərmayələri mədən, dəmir yolu, enerji, polad və dəniz daşımaları kimi sahələri əhatə edir və “Sina Limanlar və Dəniz Xidmətləri Şirkəti” vasitəsilə limanlara nəzarət edir.
AP xəbər agentliyinin analiz etdiyi peyk görüntüləri, partlayışın şənbə günü məhz “Sina” terminalının yaxınlığında baş verdiyini və bu partlayış nəticəsində obyektin və ətrafdakı konteynerlərin məhv olduğunu təsdiqləyir.
İranın yarı-rəsmi İLNA xəbər agentliyi yazır ki, “Sina” şirkətinin baş direktoru Səid Cəfəri hadisə ilə bağlı şərh verərək, partlayışın “çox təhlükəli bir yük” səbəbilə baş verdiyini bildirib. Onun sözlərinə görə, yük “adi mal” adı altında təqdim edilsə də, əslində təhlükəli material olub. Daha ətraflı açıqlama verilməyib. Rəsmilər partlayışdan sonra əraziyə çıxışı məhdudlaşdırıblar.
Fondun SEPAH-la əlaqəsi onun yaradıldığı gündən mövcuddur. Fondun hazırkı rəhbəri Hüseyn Dəhqan SEPAH-da general rütbəsi almış şəxsdir və hazırda Xameneiyə hərbi müşavirlik edir. Tarix boyu fondun digər rəhbərləri də SEPAH-la birbaşa və ya dolayı əlaqələrə malik olublar.
ABŞ Maliyyə Nazirliyi fondu İranın polisi, müdafiə nazirliyi və SEPAH ilə əlaqəli təşkilat kimi təsvir edir. ABŞ-da yerləşən “Birləşmişlər İranın Nüvə Silahına Qarşı” təşkilatı isə “Bonyad”ı SEPAH-ın terror fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə etdiyi “qara büdcə” vasitəsi kimi təqdim edir. Tramp administrasiyası 2020-ci ildə fonda sanksiyalar tətbiq etmişdi və onu Xamenei tərəfdarlarını varlandırmaqda ittiham etmişdi.
ABŞ Maliyyə Nazirliyi fondun dövlət nəzarətindən kənarda fəaliyyət göstərdiyini və 1993-cü il fərmanı ilə vergilərdən azad edildiyini bildirib. Halbuki fond özü tabeliyindəki şirkətlərin vergi ödədiyini iddia edir.
ABŞ Maliyyə Nazirliyi Çin və İran arasında natrium perxlorat və dioktil sebakat (Dioctyl sebacate) maddələrinin tədarükünə görə yeni sanksiyalar tətbiq etdiyini elan edib. Natrium perxlorat, raketlərdə istifadə olunan ammonium perkhloratın istehsalı üçün əsas komponentdir.
“Financial Times” qəzeti yanvar ayında iki natrium perkhlorat yükünün Çindən İrana yola salındığını bildirmişdi. Yüklərin birinin son həftələrdə Şəhid Rəcəi limanı yaxınlığında olduğu müəyyən olunmuşdu. Təhlükəsizlik şirkəti “Ambrey” də limanda natrium perxlorat qəbul edildiyini və bu maddənin quma bənzər ağ bir toz olduğunu açıqlamışdı.
İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Təlai bu həftənin əvvəlində liman vasitəsilə raket yanacağı maddələrinin idxal olunduğuna dair xəbərləri təkzib etmişdi. Eyni zamanda İran Nazirlər Kabinetinin sözçüsü Fatimə Məhəccərani şənbə günü baş verən partlayışın “böyük ehtimalla insan səhvi” nəticəsində baş verdiyini demişdi.
Buna baxmayaraq, partlayışa səbəb olan maddə ilə bağlı rəsmi izahat hələ də verilməyib. Təhlükəsizlik kameralarının partlayışdan əvvəl qeydə aldığı qırmızımtıl duman, ərazidə ammonium birləşməsi kimi maddələrin mövcudluğuna işarə edir. Bu görüntü, 2020-ci ildə Beyrut limanında baş verən ammonium nitrat partlayışı ilə bənzərlik göstərir.
Eyni qırmızımtıl bulud, əvvəllər ammonium perxlorat və ya ammonium nitratla əlaqəli partlayışlarda da müşahidə olunmuşdu. Məsələn, 1988-ci ildə Nevada ştatında yerləşən PEPCON zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. Həmin hadisə Çallencer fəlakətindən sonra zavodda toplanan ammonium perkhloratın partlaması ilə baş vermişdi.
Bənzər şəkildə, 2013-cü ildə Texas ştatında bir gübrə zavodunda ammonium nitrat partlayışı nəticəsində 15 nəfər həlak olmuşdu.
Professor Andrea Sella partlayış zamanı müşahidə olunan qırmızımtıl buludun çox güman ki, azot dioksid olduğunu bildirib. Bu qaz ammonium perxloratla və ya ammonium nitratın yanması zamanı yaranır. Lakin o əlavə edib ki, raket yanacağı ilə bağlı yüklər nəzərə alındıqda, partlayışa səbəb olan maddənin ən çox ehtimalla ammonium perxlorat olduğu düşünülür.