Əsas səhifə » İngilis Dili: Doğru Bildiyimiz Səhvlər

İngilis Dili: Doğru Bildiyimiz Səhvlər

BAKI, AzerVoice – Müasir dövrdə ingilis dili sadəcə xarici dil deyil, həm də beynəlxalq ünsiyyətin, elmin, texnologiyanın və biznesin əsas açarıdır. Təhsilli insan üçün bu dili bilməmək artıq ciddi boşluq hesab olunur. Avropanın bir çox ölkəsində adi vətəndaş belə sadə fikirləri ingilis dilində ifadə edə bilir. Lakin bu dili öyrənmək yolunda qarşıya çıxan bir çox mif və yanlış inanclar mövcuddur ki, bunlar da öyrənmə prosesini ləngidir. Gəlin, ingilis dili ilə bağlı yeddi məşhur mifi nəzərdən keçirək.

Mif 1: İngilis dilini yalnız İngiltərədə öyrənmək mümkündür

Bəziləri düşünür ki, dili yalnız onun danışıldığı ölkədə mənimsəmək olar. Halbuki bu, tam doğru deyil. Əgər İngiltərəyə gedib gündəlik məişət səviyyəsində az-çox ünsiyyət qurmaq mümkün olsa da, dilin dərinliyinə varmadan, xüsusən qrammatikasını bilmədən onu tam öyrənmək çətindir.

Nə etmək lazımdır? Özünüzə ingilis dilli bir mühit yaradın. Telefonunuzdan tutmuş kompüterinizə qədər hər şeyi ingiliscə edin. Filmlər izləyin, musiqilər dinləyin, kitablar oxuyun. Yalnız bu bacarıqları birləşdirdikdən sonra real dil mühitinə keçmək daha faydalı olacaq.

Mif 2: Dili öyrənən kimi danışmağa başlamaq lazımdır

Danışmaq eşitdiklərini təqlid etməklə mümkündür. Yəni əvvəlcə qulaq öyrənməlidir ki, ağız ifadə etsin. Dinləmə olmadan düzgün danışıq formalaşmır.

Nə etmək lazımdır? Başlanğıcda bol-bol dinləyin, videolar izləyin, səsli materiallara qulaq asın. Qısa cümlələri qura bildikdə isə öz danışıq qabiliyyətinizi praktikada sınamağa başlayın.

Mif 3: Başlanğıcda edilən səhvlər önəmli deyil

Əgər öyrənmənin əvvəlində səhvlər korreksiya olunmasa, bu səhvlər "beyində yer edir" və təkrarlanmağa başlayır. Nəticədə səhv tələffüz və quruluş vərdiş halını alır.

Nə etmək lazımdır? İlk mərhələdə diqqətli olun. Düzgün danışıq və yazıya xüsusi önəm verin. Müəllim və ya mentorun rəyini alın, özünüzü düzəltməkdən çəkinməyin.

Mif 4: Dialektsiz danışmaq qeyri-mümkündür, əsas söz öyrənməkdir

Çoxları düşünür ki, xarici olduğumuz üçün bizim nitqimizdə həmişə vurğu və dialekt hiss olunacaq. Lakin düzgün metodla, səslərin təkrar-təkrar öyrənilməsi ilə bu problemi aradan qaldırmaq olar.

Nə etmək lazımdır? Fonetikaya xüsusi diqqət yetirin. Doğru tələffüzü təkrarlamaqla zamanla dialektsiz və təmiz danışmaq mümkündür.

Mif 5: Mənim dilim uyğun deyil, ona görə də öyrənməkdə çətinlik çəkirəm

Əslində hər kəsin beyni yeni dil öyrənmək qabiliyyətinə malikdir. Fərq yalnız doğru üsulu tapmaq və ona uyğun şəkildə davam etməkdədir.

Nə etmək lazımdır? Özünüz üçün uyğun öyrənmə metodunu tapın. İnadkarlıqla davam edin. İlk dil çətin gələ bilər, amma növbəti dillər daha asan olacaq.

Mif 6: Yalnız uşaqlar ingilis dilini yaxşı öyrənə bilir

Bu da yanlış düşüncədir. Yetkinlər diqqət və məqsədlə öyrəndikdə daha sürətli nəticə əldə edə bilirlər. Sadəcə uşaqların üstünlüyü onların təbii tələffüz bacarığındadır.

Nə etmək lazımdır? Sizin üçün uyğun metod və temp tapın. Yetkin yaş heç bir halda maneə deyil.

Mif 7: Texnologiya varkən dili öyrənməyə ehtiyac yoxdur

Bəli, texnologiya xeyli kömək edir – proqramlar tərcümə edir, yazıları oxuyur, səsləri çevirir. Amma bu, dili bilməkdən əvəzolunmaz deyil. Çünki texnologiya hər situasiyanı anlaya bilməz və sizi əvəz edə bilməz.

Nə etmək lazımdır? Texnoloji imkanlardan istifadə edin, amma beyin təlimini kənara qoymayın. İngilis dili həyatınızda yeni imkanların qapısını aça bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice