BAKI,AzerVoice
Dənizdə gəmi qəzaları tarix boyu minlərlə insanın həyatına son qoymuş ən böyük faciələrdən sayılır. Bu qəzalar çox vaxt təbii fırtınalar, texniki nasazlıqlar və ya toqquşmalar nəticəsində baş verir. Belə hadisələr həm ölkələrin dəniz təhlükəsizliyi qaydalarını gücləndirməsinə, həm də beynəlxalq səviyyədə yeni təhlükəsizlik standartlarının tətbiqinə səbəb olub.
AzerVoice oxucularına səbəbi tapılmayan beş dəniz qəzası haqda məlumat təqdim edir.
“Wilhelm Gustloff” (1945): Tarixin ən ölümcül gəmi qəzası
1945-ci il yanvarın 30-da bu alman okean laynerinin sovet sualtı qayığı tərəfindən torpedalanaraq Baltik dənizinin buz kimi sularında batması nəticəsində təxminən 9.000 nəfər həlak oldu.
1936-cı ildə İsveçrədə qətlə yetirilmiş nasist liderinin adını daşıyan “Gustloff” nasistlərin “Kraft durch Freude” proqramı üçün kruiz gəmisi kimi tikilmişdi. Bu proqram alman fəhlə sinfi üçün istirahət fəaliyyətləri təşkil edirdi. Adolf Hitler 1937-ci ildə 684 fut uzunluğunda, 25.000 tonluq bu gəmini istifadəyə verdi. Lakin kruiz fəaliyyəti qısa sürdü; 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayandan sonra gəmi hərbi hospitala çevrildi.
1945-ci ilin yanvarında sovet ordusu Şərqi Prussiyaya doğru irəlilədiyi zaman nasistlər “Hannibal əməliyyatı” adlı kütləvi dəniz təxliyəsinə başladılar. Yanvarın 30-da “Gustloff” Qotenhafen limanından (indiki Polşanın Qdınya şəhəri) Almaniyanın Kil şəhərinə yola düşdü. Tezliklə sovetlərin S-13 sualtı qayığı gəmiyə üç torpeda atdı. Alman layneri cəmi 90 dəqiqəyə batdı. Təxminən 10.000 nəfərdən yalnız 1.000 nəfər sağ qaldı. Bu, tarixin ən ölümcül dəniz faciəsi kimi qəbul olunur.
Hadisədən sonra dünya bu fəlakətdən bir o qədər də xəbərdar olmadı. Nasist rejimi xəbərləri senzura etdi, sağ qalanlara danışmağa qadağa qoyuldu. Bəzi sağ qalanlar isə alman irsi və nasistlərin milyonlarla insana qarşı törətdiyi cinayətlərə görə susmağa üstünlük verdilər.
“Mont Blanc” (1917): Bir şəhəri məhv edən partlayış
1917-ci il dekabrın 6-da, Birinci Dünya Müharibəsi zamanı, partlayıcı maddələrlə yüklənmiş fransız gəmisi “Mont Blanc” Kanada, Yeni Şotlandiyanın (Nova Scotia) Halifax limanında Norveçə məxsus “Imo” gəmisi ilə toqquşdu. Toqquşmadan sonra yanğın baş verdi və gəmi sahilə yaxınlaşaraq dayandı. Maraqlı tamaşa üçün toplaşan kütlənin gözü önündə 20 dəqiqə sonra 2.925 ton partlayıcı maddə havaya uçdu.
Partlayışın gücü o qədər böyük idi ki, sonradan “atom bombasının atası” adlandırılan fizik Robert Oppenheimer bu hadisəni öyrənərək nüvə silahlarının potensial ziyanını hesablamağa çalışdı.
Partlayış dərhal yüzlərlə insanı öldürdü, bütün binaları yıxdı, məhəllələri yandırdı və sunami yaratdı. Həmin gecə bölgəyə qar fırtınası da düşdü və xilas işlərini çətinləşdirdi. Nəticədə 2.000-dən çox insan öldü, 6.000 nəfər yaralandı, 9.000 nəfər evsiz qaldı. Bu faciə “Halifax partlayışı” adı ilə tarixə düşdü və 1945-ci ildə Yaponiyaya atom bombası atılana qədər insan əli ilə yaradılmış ən böyük partlayış olaraq qaldı.
“Sultana” (1865): Missisipi çayında faciə
1865-ci il aprelin 27-də, əsasən Konfederasiya həbs düşərgələrindən yeni azad olunmuş təxminən 1.700 şimal əsgəri Missisipi çayında partlayan, yanan və batan bu taxta buxar gəmisində həlak oldu.
1863-cü ildə istifadəyə verilmiş 260 fut uzunluğundakı “Sultana” yalnız 376 sərnişin daşımaq üçün lisenziyaya malik idi. Lakin vətəndaş müharibəsi dövründə tez-tez qoşun və ərzaq daşımaq üçün istifadə olunurdu.
1865-ci il aprelin 24-də gəmi Missisipi ştatının Viksburq limanında dayandı və yüzlərlə zəifləmiş, ac-yalavac şimal əsgərini götürdü. Hökumət hər əsgərin daşınması üçün gəmi sahiblərinə pul ödədiyindən, bəzi şirkətlər mümkün qədər çox adam götürmək üçün rüşvət verdilər. Nəticədə “Sultana” təxminən 2.400 nəfərlə – yəni daşıma gücündən altı dəfə çox yüklə – yola düşdü.
Aprelin 27-də gecə saat 2 radələrində üç qazan birdən partladı. Gəmidə yanğın baş verdi. Yüzlərlə sərnişin yandı, yüzlərlə insan isə ya partlayışla suda boğuldu, ya da alovdan qaçmaq üçün özünü suya ataraq həyatını itirdi.
Bu hadisə ABŞ tarixində ən ölümcül dəniz faciəsi sayılır. Lakin vətəndaş müharibəsinin başa çatması və Prezident Linkolnun qətli ilə eyni dövrə təsadüf etdiyindən böyük diqqət çəkmədi.
“Arctic” (1854): Qadınlar və uşaqlar sonuncu
1850-ci ildə istifadəyə verilmiş, 284 fut uzunluğunda “Arctic” Atlantik okeanını 9 günə keçə bilən sürətli gəmi kimi tanınırdı. Lakin 1854-cü il sentyabrın 27-də İngiltərədən ABŞ-a səyahət edərkən, dumanlı havada Fransaya məxsus kiçik “Vesta” buxar gəmisi ilə toqquşdu. Əvvəlcə fransız gəmisi daha çox zərər görmüş kimi görünsə də, tezliklə “Arctic”in sürətlə su aldığını anladılar.
Kapitan sərnişinləri xilas etmək üçün qərara gəldi, lakin vəziyyət pisləşdi. Gəmi batarkən “qadınlar və uşaqlar əvvəlcə” əmrinə baxmayaraq, heyət üzvləri və bəzi kişilər xilasetmə qayıqlarını zəbt etdilər. Nəticədə təxminən 400 nəfərdən yalnız 87-si sağ qaldı. Onların da çoxu heyət üzvləri idi. Qadın və uşaqlardan heç kim xilas olmadı.
Kapitan gəmi ilə birlikdə batdı, lakin taxta parçasına yapışaraq sağ qaldı. Hadisədən sonra heyətin davranışı qəzetlərdə kəskin tənqid olunsa da, heç biri cəzalandırılmadı. “Vesta” isə batmadı və sentyabrın 30-da Nyufaundlendin Sent-Cons limanına çatdı.
“Dona Paz” (1987): Tarixin ən ölümcül sülh dövrü gəmi qəzası
1987-ci il dekabrın 20-də Filippinin Leyte adasından paytaxt Manila istiqamətində gedən sərnişin bərəsi “Dona Paz” neft tankeri ilə toqquşdu, yandı və batdı. Nəticədə 4.000-ə yaxın insan öldü.
1963-cü ildə Yaponiyada inşa edilmiş gəmi gecə saatlarında “Vector” adlı, 8.000 barrel neft məhsulu daşıyan tankerə çırpıldı. Partlayışdan sonra alov sürətlə “Dona Paz”a yayıldı. Hər iki gəmi batdı.
Filippində, 7.100 adadan ibarət ölkədə sərnişin bərələri əsas nəqliyyat vasitəsidir. Lakin təhlükəsizlik standartları zəif idi. “Dona Paz” faciə anında həddindən artıq yüklənmişdi. Dəqiq sərnişin sayı bəlli olmasa da, daşıma gücünün iki dəfə artıq olduğu düşünülür. Üstəlik, “Vector” tankeri lisenziyasız işləyirdi və texniki baxımsız idi. Yalnız bir neçə on nəfər bu faciədən sağ çıxdı.