BAKI,AzerVoice
7 sentyabr 1813 – ABŞ-ın ən məşhur ləqəblərindən biri olan “Uncle Sam”-in (Sem dayı) yaranma tarixi bu gün də geniş müzakirə olunur. Ən çox qəbul edilən və ABŞ Konqresi tərəfindən də təsdiqlənmiş versiyaya görə, ləqəb Samuel Wilson adlı Nyu-York ştatının Troy şəhərində yaşayan ət qablaşdıran sahibkarla bağlıdır. Wilson (1766–1854) 1812-ci il Müharibəsi zamanı ABŞ ordusuna ət dolu çəlləklər göndərirdi. Çəlləklərin üzərində “U.S.” – United States yazılırdı. Yerli icmada “Sem dayı” kimi tanınan Wilsonun adı ilə bu işarələr tezliklə əlaqələndirildi. Əsgərlər yeməyi zarafatla “Sem dayının” ərməğanı adlandırmağa başladılar. Hadisə Troy qəzetinə də yansıdı və “Sem dayı” getdikcə ABŞ hökumətinin ləqəbi və simvoluna çevrildi.
Tarixi mübahisələr və Samuel Wilsonun rolu
Bəzi alimlər “Sem dayı” ifadəsinə daha əvvəl də rast gəlindiyini bildirirlər. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir gənc zabitinin 1810-cu ildəki gündəliyində bu ifadə işlədilib. 1813-cü ildə Troy qəzetində “Sem dayı” ifadəsi çəkilsə də, Wilsonun adı konkret göstərilməyib. Ən çox yayılmış versiya isə 1830-cu ildə “New York Gazette” qəzetində dərc olunaraq populyarlaşdı. 1961-ci ildə ABŞ Konqresi rəsmi qərarla Samuel Wilsonu “Amerikanın milli simvolu Sem dayının ilham mənbəyi” elan etdi. Wilson 1854-cü ildə 87 yaşında vəfat etdi və Troy şəhərində dəfn edildi. Şəhər bu gün də “Sem dayının vətəni” kimi tanınır.
Karikaturist Tomas Nastın rolu
1860–70-ci illərdə alman əsilli məşhur siyasi karikaturist Tomas Nast “Sem dayı” obrazını populyarlaşdırdı. Nast Samı ağ saqqallı, ulduzlu şlyapalı və qırmızı-ağ zolaqlı şalvar geyimli şəkildə təsvir edirdi. Bu obraz zamanla “Sem dayı”nın klassik görünüşünə çevrildi. Nast həm də müasir Santa Klausun təsvirini formalaşdıran, Demokrat Partiyasını “eşşək”, Respublikaçılar Partiyasını isə “fil” simvolu ilə göstərən şəxs kimi tanınır. O, həmçinin Nyu-Yorkun korrupsiyaya bulaşmış Tammany Hall təşkilatını sərt karikaturaları ilə ifşa etmiş və bu təşkilatın lideri Uilyam Tvudin süqutunda mühüm rol oynamışdır.
“Sem dayı” obrazının ən tanınmış təsviri rəssam Ceyms Montqomeri Flagg tərəfindən yaradılıb. 1877–1960-cı illərdə yaşamış Flagg 1916-cı ildə öz simasını model olaraq istifadə edərək “Sem dayı” obrazını yaratdı. O, tamaşaçıya birbaşa baxaraq barmağı ilə göstərir və üstündə “I Want You For The U.S. Army” (“Mən səni ABŞ ordusunda görmək istəyirəm”) şüarı yazılmışdı. Bu təsvir əvvəlcə 1916-cı ilin iyulunda Leslie’s Weekly jurnalının üz qabığında “What Are You Doing for Preparedness?” (“Hazırlıq üçün sən nə edirsən?”) başlığı ilə dərc olundu. I Dünya Müharibəsi zamanı bu afişa geniş şəkildə yayılaraq ABŞ-ın ən məşhur təbliğat posterinə çevrildi. Daha sonralar da müxtəlif dövrlərdə fərqli şüarlarla yenidən istifadə edildi.
1812-ci ildən başlayaraq “Sem dayı” ifadəsi ABŞ ordusunun ərzaq və təchizatında işlədilən sadə işarədən bütün ölkənin hökumətini və xalqını simvolizə edən obraz halına gəldi. Bu gün “Sem dayı” ABŞ hökumətinin dünyada ən çox tanınan simvollarından biri olaraq qəbul olunur və ölkənin milli kimliyinin ayrılmaz hissəsinə çevrilib.