BAKI, AzerVoice
İsrail BMT-nin Fələstin ərazilərindəki fəaliyyətinə mane olur, o cümlədən BMT əməkdaşlarına və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) işçilərinə vizaların verilməsini məhdudlaşdırır.
AzerVoice xəbər verir ki, bu haqda BMT-nin baş katibinin müavini və təşkilatın hüquq idarəsinin rəhbəri Elinor Hammarskjöldun verdiyi açıqlamada bildirilib.
"BMT əməkdaşlarına İsrail tərəfindən viza verilməsi prosesi daha çox qadağalar və məhdudiyyətlərlə üzləşir, UNRWA işçilərinə isə öz vəzifələrini yerinə yetirdiklərinə görə tədbirlər görülür" – deyə, o bildirib.
Onun sözlərinə görə, İsrail tərəfindən BMT-nin Fələstinli uşaqlar üçün təşkil etdiyi məktəblərə icazəsiz daxil olma cəhdləri və bu məktəblərin bağlanması barədə qərarlar da qeydə alınıb.
Qeyd edək ki, İsrailin işğal olunmuş Fələstin ərazilərinə münasibətdə öhdəlikləri ilə bağlı dinləmələr BMT Beynəlxalq Ədalət Məhkəməsində başlayıb və mayın 2-nə qədər davam edəcək. Məhkəmənin yaydığı mətbuat relizinə əsasən, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə 45 yazılı bəyanat təqdim olunub.
Ötən ilin 19 dekabr tarixində BMT Baş Assambleyası İsrailin işğal olunmuş Fələstin ərazilərinə dair öhdəlikləri barədə BMT Beynəlxalq Ədalət Məhkəməsindən məsləhət xarakterli rəy istənilməsi üçün qətnamə qəbul edib. Bu qətnamədə Fələstin mülki əhalisinin sağ qalması üçün həyati əhəmiyyət daşıyan malların çatdırılması, əsas xidmətlərin və humanitar yardımların göstərilməsi, eləcə də fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun dəstəklənməsi məsələləri əks olunub. Sənədi Rusiya, Böyük Britaniya, Çin və Fransa da daxil olmaqla 137 ölkə dəstəkləyib. 12 dövlət, o cümlədən İsrail, Kanada və ABŞ sənədə qarşı çıxıb. 22 ölkə isə bitərəf qalıb.
Dinləmələrdən sonra məhkəmə qərar qəbul edib, açıq iclasda onu elan edəcək. BMT Beynəlxalq Ədalət Məhkəsinin məsləhət xarakterli rəyləri, qərarlardan fərqli olaraq, icrası məcburi hüquqi qüvvəyə malik deyil.