BAKI, AzerVoice
Dünyada sürətlə artan əhali və urbanizasiya, qida istehlakı ilə bağlı ciddi problemləri gündəmə gətirir. Qida sənayesi tələbatı qarşılamaq üçün çox vaxt kimyəvi qatqılardan və qeyri-təbii vasitələrdən istifadə etməyə məcbur qalır. Bu səbəbdən təbii və sağlam qida anlayışı son illərin qlobal müzakirə mövzularından birinə çevrilib. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən NEROLİ şirkəti isə sağlam məhsulların istehsalı ilə seçilən yerli brendlərdən biridir.
Şirkətin rəhbəri Nuridə Abdurrahmanova bildirib ki, sağlam qida ideyası onun şəxsi maraqları və ailə vərdişlərindən doğub. Onun sözlərinə görə, bütün məhsullar ilk olaraq ailə üzvləri tərəfindən sınaqdan keçirilir. NEROLİ həm ticarət fəaliyyəti, həm də cəmiyyətdə sağlam qidalanma mədəniyyətinin təşviqi missiyası daşıyır. Abdurrahmanovanın dediyinə görə, ailəsi artıq uzun illərdir qlutenli məhsullardan imtina edib.
Şirkət rəhbəri vurğulayır ki, sağlam qida sektoru həm çətin, həm də məsuliyyətli sahədir. Kimyəvi qatqıların istifadəsi qadağan olduğundan məhsulların rəqabətdə üstünlük qazanması çətinləşir. Buna baxmayaraq, istehlakçıların sağlam qidaya marağı son 10–12 ildə nəzərəçarpacaq dərəcədə artıb.
Abdurrahmanova qeyd edib ki, “təbii” və “orqanik” anlayışlarının tez-tez səhv salınması əlavə çətinlik yaradır. Onun sözlərinə görə, orqanik məhsul torpağından toxumuna, gübrəsindən yetişdirmə prosesinə qədər ciddi nəzarət tələb edir. Təbii məhsulda isə ən əsas şərt kimyəvi qatqıların tamamilə istisna edilməsidir.
NEROLİ brendi adının seçiminin marketinq yanaşmasına əsaslandığını deyən şirkət rəhbəri, “neroli”nin acı portağal çiçəklərindən əldə edilən efir yağı olduğunu xatırladır.
Şirkətdə meyvə quruları və qlütensiz unlar əsas istehsal istiqamətlərindəndir. Hazırda ondan çox çeşid üzrə istehsal həyata keçirilir və hər ay yeni məhsullar üzərində iş aparılır. Abdurrahmanova hesab edir ki, insanların çay süfrəsində meyvə qurularına üstünlük verməsi sağlam həyat tərzinin əsas göstəricilərindən biridir.
Onun sözlərinə görə, Azərbaycanda sağlam qida sektorunun inkişafı həm fərdi sağlamlıq, həm də ümumi ictimai rifah üçün böyük əhəmiyyət daşıyır. NEROLİ komandası bu istiqamətdə təbliğat işlərini davam etdirməyi qarşıya məqsəd qoyub. Şirkət nümayəndələri bildirir ki, keyfiyyət və təbii tərkib prinsipi NEROLİ-nin əsas dəyəridir.
Abdurrahmanova əlavə edib ki, “öz ailəmə təqdim etmədiyim heç bir məhsulu istehlakçıya təklif etmərəm”. Şirkət yaxın aylarda yeni sağlam qida məhsullarının satışa çıxarılacağını da açıqlayıb.