BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 7 milyon 764 min 626 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 5 milyon 839 min 661 nəfər, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 1 milyon 924 min 965 nəfər təşkil edib.
2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 75 min 33 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 46 min 8 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 29 min 25 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyul ayı ilə müqayisədə 1,6 faiz artaraq, 57 min 414 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı dəyişməyərək, 41 min 942, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 15 min 472 olub.
2025-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 134 milyon 866 min 883 nəfər, yük daşınması isə 2 milyon 834 min 635 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.