Əsas səhifə » Niyə iftarı gecikdirmək olmaz?

Niyə iftarı gecikdirmək olmaz?

BAKI,AzerVoice

Səhl ibn Səd (رضي الله عنه) rəvayət edir ki, Rəsulullah (ﷺ) belə buyurmuşdur:
"İnsanlar iftar etməkdə tələsdikləri müddətcə daim xeyir içində olarlar." (Buxari, Muslim)

Əbu Hureyrə (رضي الله عنه) isə Rəsulullahın (ﷺ) belə buyurduğunu nəql edir:
"İnsanlar iftar etməkdə tələsdikləri müddətcə xeyir içində yaşayarlar. İftar etməkdə tələsin. Çünki yəhudilər iftarlarını gecikdirərlər." (İbn Macə, Sünən, Siyam kitabı, 1697-1698)

İftarın vaxtında açılmasının əhəmiyyəti

Bu hədislər iftarın vaxtında açılmasının müstəhəb olduğunu göstərir. Lakin burada əsas şərt günəşin batmasıdır. Peyğəmbərimiz (ﷺ) iftarı gecikdirmədən açmağı tövsiyə etmiş və bunun müsəlmanlar üçün xeyirli olduğunu bildirmişdir.

İmam Şafei (رحمه الله) "əl-Umm" kitabında belə deyir:
"İftar açmaqda tələsmək müstəhəbdir. Fəzilət olduğu düşüncəsi ilə qəsdən gecikdirmək isə məkruhdur. Əgər belə bir niyyət yoxdursa, gecikdirməkdə kərahət yoxdur."

Kitab əhlinin adəti və müsəlmanların fərqlənməsi

İbn Hibban (رحمه الله) və Hakim (رحمه الله) tərəfindən nəql edilən hədislərdən aydın olur ki, yəhudi və xristianlar iftarı gecikdirərək ulduzlar görünənə qədər oruc tuturlar. Günümüzdə bəzi insanlar da bu adəti təkrarlayırlar. Hədislərdə isə açıq şəkildə bu davranışın doğru olmadığı bildirilib.

İslamın güclü qalması və sünnətə bağlılıq

Əl-Mənhəl əsərinin müəllifi İmam Mahmud Muhamməd Xattab əs-Subqi bu xüsusda belə deyir:
"Müsəlmanlar Peyğəmbərin (ﷺ) sünnətinə bağlı qaldıqları və İslamın sabit qanunlarını qoruduqları müddətcə, xeyir içində yaşayar və düşmənlərinə qalib gələrlər. Əgər bu prinsiplərə zidd hərəkət edərlərsə, bu, onların şər içində olduqlarına işarədir."

İftar vaxtında açılmalıdır, çünki bu həm sünnətə uyğundur, həm də müsəlmanların birlik və bərəkət içində olmalarına səbəb olur. İslamı yaşatmaq və onun qələbəsini təmin etmək üçün sünnətə bağlı qalmaq vacibdir.

Digər Kateqoriyalar

2025 © Azervoice