BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
Bu yazını hamının asanlıqla başa düşəcəyi dildə yazıram.
Peyğəmbərimiz (s.ə.s) buyurub ki: "Zaman gələcək, mənim yolumla getmək, əldə köz tutmaq kimi çətin olacaq." Bəs kimdir bu yolu tutacaq insanlar? Təbii ki, yaradılış ayarları pozulmayanlar.
Allah kişini ailənin başçısı olaraq yaradıb. Onu fiziki cəhətdən sərtliyə və çətinliyə tab gətirə biləcək şəkildə formalaşdırıb. Onun içinə qoruma instinkti qoyub. Qadını isə Allah daxilən dözümlü, mərhəmətli və iffətli yaradıb. Ana qayğısını ona bəxş edib. Eyni zamanda qadına kişidən himayə görməyə ehtiyac hissi də verilib.
Son 20 ildə bu fitri dəyərlərə qarşı açıq şəkildə savaş aparılır. Kişilərdə kişilik, qadınlarda qadınlıq hissi sistemli şəkildə öldürülür. Təəssüf ki, bu prosesi bəzən dindar camiədə də müşahidə etmək olur. Halbuki dindarlar fitri yaradılışı ən gözəl şəkildə təcəssüm etdirməli olan insanlardır. Dindar mühitdə kişilər öz kişiliyini, qadınlar öz qadınlığını qorumalıdır.
Amma indi görürsən ki, bəzi "müsəlman" feministlər ərinə asi olmağı normallaşdırmaq üçün İslamın dəlillərini öz maraqlarına uyğun şəkildə yozurlar. Digər tərəfdən, bəzən "müsəlman" kişilər də ailədə İslam adından istifadə edərək zorakılıq və qorxu yayırlar.
Unutmayaq ki, fitrət dinin ilk dəlilidir. Hətta səmavi kitablar göndərilməmişdən əvvəl də fitrət bir ölçü idi. Ona görə də, bu yaradılış həqiqətinə qarşı çıxmaq, əslində dinin ruhuna qarşı çıxmaq deməkdir.