BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Misir hökumətinin Qahirənin qərbində yeni bir nəhəng şəhərsalma layihəsində özəl sektorla əməkdaşlıq edəcəyini açıqlaması ölkədə geniş mübahisələrə səbəb olub. Bu açıqlama, xüsusilə də, Misirdə bəzi vətəndaşların milli layihələrin həddindən artıq xərclənməsi nəticəsində iqtisadi çətinliklərin yarandığına inandığı bir vaxtda gündəmə gəldi.
Bu yeni layihə ilə bağlı müzakirələr on il əvvəl icrasına başlanılan və hələ tam olaraq başa çatmayan yeni inzibati paytaxt modeli ilə bağlı davam edən debatları da xatırlatdı.
Qahirənin kənarında yeni bir şəhərin salınması, inzibati paytaxtın bütün mərhələləri başa çatmadan, Misir hökumətini xalq tərəfindən tənqid atəşinə tutub. Hökumət isə əlavə tənqidlərdən qaçmaq üçün layihədə özəl sektoru da iştirakçı edib və bəzi şirkətlər hələ hökumət rəsmi olaraq ortaqlığını açıqlamadan əvvəl bu layihəni reklam etməyə başlayıblar.
Misirin Baş naziri Mustafa Mədəbuli Qahirənin qərbində, Şeyx Zayed bölgəsində yerləşəcək “Caryan” adlı bu iri daşınmaz əmlak layihəsinin müqavilələrinin imzalanma mərasimində iştirak edib. Layihəyə dövlət adından “Misirin Davamlı İnkişaf üzrə Gələcəyi” qurumu (orduya bağlı) və “Palm Hills” və “Mountain View” kimi özəl sektor şirkətləri ortaqdır.
Mədəbuli bildirib ki, bu layihə dövlət və özəl sektor arasında əməkdaşlığın bir nümunəsidir və yeni inzibati paytaxtın bir hissəsi kimi planlaşdırılan, ümumi sahəsi təxminən 2,5 milyon feddan olan, beş əyalət böyüklüyündə yeni Delta ərazisinin inkişafına da xidmət edir.
Layihənin beş ilə başa çatacağı, 250 minə yaxın iş yeri yaradacağı və təxminən 3 milyon əhalisi olacağı gözlənilir. Bu layihə bütün əhali qruplarına xidmət edəcək şəhərlər və kəndləri özündə birləşdirən kompleks yaşayış sistemi kimi təqdim edilir.
Layihənin ümumi sahəsi təxminən 6 milyon kvadratmetrdir. Müqayisə üçün, yeni inzibati paytaxtın sahəsi 714 milyon kvadratmetrdir və o, Qahirənin 75 km şərqində yerləşir. Bəzi mütəxəssislər inzibati paytaxtın mərhələlərinin hələ başa çatmamasının əhali kütlələrinin yeni inzibati mərkəzə köçünü ləngidə biləcəyindən, hökumətin Qahirənin qərbində oxşar bir layihəyə qoşulmasının isə şəhərsalma baxımından problemlər yarada biləcəyindən ehtiyatlanırlar.
Ekspertlər hesab edirlər ki, yeni yaşayış şəhərlərinin tikintisinin davam etməsi dövlət resurslarına, xüsusilə də su, elektrik və təbii qaz təminatına təsir edir.
Əlbəttə, layihə daşınmaz əmlak bazarının yüksək gəlirli olması səbəbindən iqtisadi gəlir gətirə bilər. Lakin əsas problem hökumətin iqtisadi cəhətdən gələcəyi olan böyük layihələrə üstünlük verməsi, buna baxmayaraq əhalinin böyük hissəsinin gündəlik həyat problemlərini kifayət qədər həll etməməsidir. Bununla da zəngin təbəqə üçün inşa edilən bu layihələr sosial təcrid yaradır.
Misir parlamentinin deputatı Maha Əbdülnasir bildirib ki, hökumət prioritetlərini düzgün müəyyənləşdirə bilmir. O, son on ildə iqtisadi baxımdan gözlənilən nəticələri verməyən daşınmaz əmlak layihələrinə həddindən artıq pul xərcləndiyini və bunun dövlət borcunun artmasına səbəb olduğunu, bununla yanaşı vətəndaşların əsas xidmətlərdən məhrum qaldığını vurğulayıb. Bu baxımdan, yeni layihədə dövlətin özəl sektorla əməkdaşlığı da tənqid obyektidir. Deputatın fikrincə, əgər dövlətin iştirakı yalnız torpaq ayrılması ilə məhdudlaşırsa, bu başa düşüləndir, lakin əgər dövlət maliyyə vəsaiti də sərf edirsə, bu yanlış addımdır.
Rəsmi məlumatlara görə, “Caryan” Misirin ilk ekoloji yaşayış şəhəri olacaq. Layihəyə üç mənbədən su veriləcək ki, onlardan biri də Nil çayından ayrılan kanal olacaq. Şəhər 20 min yaşayış vahidindən ibarət olacaq və qiymətlər 7,6 milyon Misir funt sterlinqindən (1 otaqlı) başlayıb, 175 milyon Misir funt sterlinqinədək (lüks villalar) yüksələcək.
“Misirin Davamlı İnkişaf üzrə Gələcəyi” qurumu Nil çayının Deltasında yerləşən və əkinçilik üçün nəzərdə tutulan 2,2 milyon feddanlıq ərazinin inkişafı layihəsini də həyata keçirir. Yeni şəhər isə Deltanın yeni hissəsində yerləşir və strateji mövqedə Nil çayının keçdiyi ərazidə yerləşən istifadəsiz torpaq sahəsi üzərində salınır. Burada iri ticarət mərkəzləri, beynəlxalq otellər, universitetlər, xəstəxanalar, media şəhəri və idman klubları planlaşdırılır.
Yerli inkişaf eksperti Hüseyn Həssan deyib ki, Qahirədəki əhali sıxlığı yeni şəhərlər salmağı zəruri edir və inzibati paytaxt Qahirədəki sıxlığı 30% azaldır. Yeni layihənin isə əhali sıxlığını 10% azaltması, zəngin təbəqələri cəlb etməsi və Nil çayının sahilində yeni yaşayış sahələri salması gözlənilir.
Hüseyn Həssan “Əl-Ərəb” qəzetinə bildirib ki, hökumət sənaye, kənd təsərrüfatı və daşınmaz əmlak inkişafı arasında əlaqəni gücləndirməyə çalışır. Delta ilə Qahirə arasında yerləşən bu yeni bölgədə biznesin idarə edilməsini asanlaşdırmaq üçün yeni bir model təklif edir. O, həmçinin bildirib ki, hökumət son illərdə “dördüncü nəsil şəhərlər” adlandırılan 38 yeni yaşayış şəhəri yaradıb və bu layihə də onlara əlavə ediləcək.
Misirdə əhali hər dörd ildən bir 10 milyon nəfər artır, bu isə əhalinin sıxlığı problemlərini həll etmək üçün şəhərsalma işlərinin davam etdirilməsini zəruri edir. İnzibati paytaxtın mərhələlərinin hələ başa çatmaması isə hökumətin digər ərazilərdə yeni şəhərlər tikməsinə mane olmur. Dövlət qurumlarının inzibati paytaxta köçməsi və vətəndaşların burada yaşamağa başlaması da köhnə Qahirə yaxınlığında yeni ərazilərin inkişafına təkan verir.