BAKI, AzerVoice
Los-Ancelesdə mühacir etirazları şiddətlənib – Tramp “ordu gətirin” əmrini verib.
AzerVoice xəbər verir ki, ABŞ-ın
Los-Anceles şəhərində saxlanılan qeyri-qanuni mühacirlərə dəstək
məqsədilə keçirilən nümayişlər artıq üçüncü gündür davam edir.
Etirazlar zamanı polis və Milli Qvardiya ilə qarşıdurmalar
intensivləşib.
Etirazların mərkəzinə çevrilmiş Metropolitan Həbsxanası ətrafında toqquşmalar davam edir. Nümayişçilər gözyaşardıcı qaz və rezin güllələrlə dağıdılır. Los Anceles Polis Departamenti toplantıların "qanunsuz" elan edildiyini və iştirakçıların saxlanıldığını açıqlayıb.
Prezident Donald Tramp hadisələrin nəzarətdən çıxdığını bildirərək əvvəlcə şəhərə 300 Milli Qvardiyaçı göndərib. Daha sonra isə sosial media hesabında “ordu gətirin” çağırışı ilə Demokrat liderləri vəziyyətə görə günahlandırıb. Tramp etirazçıları “quldur” adlandıraraq, maskalı şəxslərin dərhal həbs olunmasını əmr edib.
LAPD-nin kapitanı Raul Covel bəyan edib ki, polisə hücumlar qeydə alınıb və şəhər mərkəzi “qanunsuz toplaşma sahəsi” elan olunub. Etirazlar zamanı avstraliyalı jurnalist Lauren Tomasi də rezin güllə ilə yaralansa da, vəziyyəti ağır deyil.