Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Çingiz Aytmatov kimdir?

    6 Mart 2026 18:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Müasir qırğız ədəbiyyatının yeni məzmun və yeni ideyalarla zənginləşməsində böyük xidmətləri olan dünya şöhrətli yazıçı Çingiz Torequl oğlu Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstan Respublikası Talas vilayətinin Şəkər kəndində anadan olub. Atası Qırğızıstanda Kommunist Partiyasının görkəmli nümayəndələrindən biri olsa da, 1937-ci ildə xalq düşməni kimi həbs olunmuş və bir il sonra güllələnib. Milliyyətcə tatar olan anası Naimə Həzi qızı teatr aktrisası kimi tanınıb. O, rus dili və ədəbiyyatını yaxşı bildiyi üçün oğlunda da bu dil və ədəbiyyata böyük maraq oyadıb.

    Uşaq yaşlarında Çingiz Aytmatovun tərbiyəsi ilə daha çox nənəsi Aymxan məşğul olub. O, nənəsindən ”Manas”ı, ayrı-ayrı qırğız nağıl və əfsanələrini dinləmiş, nəticədə bunlar onun milli ruhda formalaşmasına böyük təsir göstərmişdir. Bu mənada Çingiz Aytmatovun “nənəmin ziyalı işığından keçdim” deməsi təsadüfi deyildir.

    Çingiz Aytmatov Böyük Vətən müharibəsinin birinci ili ölkədə kadr çatışmazlığına görə orta məktəbin 6-cı sinfini bitirdikdən sonar kənd sovetinin katibi vəzifəsində işləyib. O, təxminən 2 il ərzində bu vəzifədən başqa vergi agenti, uçotçu və digər işlərdə də çalışıb. Yazıçının bu illərdə qarşılaşdığı həyat hadisələri müəyyən dərəcədə onun “Üz-üzə”, “Cəmilə”,”Ana tarla” və “Erkən gələn durnalar” əsərlərində əksini tapıb. Çingiz Aytmatov 1943-cü ildə 8 illik təhsilini başa vurduqdan sonra Cambul Zoobaytarlıq texnikumuna daxil olub. Ç.Aytmatov 1948-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirdiyinə görə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna imtahansız qəbul olunub.

    İlk əsəri 1952-ci ildə dövrü mətbuatda dərc edilmişdir. 1952-ci ildə “Qırğızıstan” ədəbiyyat toplusunun ikinci sayında çap olunan “Qəzetçi Cüdo” və”Aşim” yazıçının ilk hekayələri hesab olunur. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra elmi tədqiqat sahəsində işləmək istəyib. Lakin xalq düşməninin oğlu hesab edildiyindən bu sahədə işləməyə ona icazə verilməmiş və o, ixtisası üzrə üç il heyvandarlıq təsərrüfatında çalışmaq məcburiyyətində qalıb.

    Ç.Aytmatov 1956-1958-ci illərdə Moskvada Qorki adına Ali Ədəbiyyat İnstitutunda təhsil alıb. 1958-ci ildə Moskvada “Oktyabr” jurnalında onun “Üzbəüz” əsəri çap olunub. 1958-ci ildən başlayaraq ədibin hekayə və povestləri “Novıy mir” jurnalında dərc olunmağa başlayır. Həmin ildə Ç.Aytmatova dünya şöhrəti gətirən əsərlərindən birincisi olan “Cəmilə” povesti ilk dəfə işıq üzü görüb. Təsadüfi deyildir ki, Lui Araqon bu əsəri fransızcaya tərcümə edərək onu geniş müqəddimə ilə çap etdirib.

    Ç.Aytmatov 1958-ci ildə Moskvada Ali Ədəbiyyat İnstitutunu bitirdikdən sonra Qırğızıstana qayıdaraq “Literaturnıy Kirqizstan” jurnalının baş redaktoru olmuş və 5 il Qırğızıstanda yerli “Pravda” qəzetinin xüsusi müxbiri işləyib. O, “Dağlar və çöllər povestləri” silsiləsinə daxil olan əsərlərinə görə (“Cəmilə”, “Köşək gözü”, “İlk müəllim”,“Qırmızı yaylıqlı qovağım mənim”, “Ana tarla”) 1963-cü ildə Lenin mükafatına layiq görülüb.

    Görkəmli ədib 1965-ci ilə qədər əsasən qırğız dilində yazıb. 1965-ci ildən etibarən əsərlərini rus dilində yazmağa başlayıb. Ç.Aytmatovun 1965-ci ildə yazdığı “Əlvida, Gülsarı” əsəri (ilk adı “Yorğa atın ölümü”) onun yaradıcılığına ilk rusdilli povest kimi daxildir. XX əsrin 70-ci illəri Ç.Aytmatov yaradıcılığında povest ənənəsinin uğurlu davamı kimi xarakterikdir.

    Ədibin qələmə aldığı “Ağ gəmi” (1970), “Erkən gələn durnalar” (1975), “Dəniz kənarıyla qaçan Alabaş” (1977) povestləri professional nəsr nümunələri kimi diqqəti cəlb edir. Görkəmli nasir “Gün var əsrə bərabər” (1980) romanı ilə yaradıcılığında povestdən romana keçidin əsasını qoyub. Yazıçının 1986-cı ildə yazdığı “Cəllad kötüyü” romanı nəsr təfəkkürünün yeni nümunəsi kimi uğur qazanıb. “Gün var əsrə bərabər” romanına əlavə olaraq yazılmış “Çingiz xanın ağ buludu” povesti ədibin 90-cı illər məhsuldar bədii yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutur.

    Ç.Aytmatovun zəngin yaradıcılıq irsi yüksək qiymətləndirilərək üç dəfə Dövlət mükafatına (1968, 1977, 1983) və Sosialist Əməyi Qəhrəmanı adına (1978) layiq görülüb. Ç.Aytmatov həm də geniş ictimai-siyasi fəaliyyəti ilə tanınan şəxsiyyətlərdən biridir. O, dəfələrlə SSRİ və Qırğızıstan Ali Sovetinin deputatı seçilib, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbəri olub, “İssıkkul” Beynəlxalq ictimai hərəkatının əsasını qoyub və s. O, 1990-1994-cü illərdə Benilüks ölkələrində səfir işləyib. Ç.Aytmatov Belçika, NATO və Avropa İttifaqında Qırğızıstanın səlahiyyətli səfiri vəzifələrində ölkəsinin ləyaqətli təmsilçisi olub. O, Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə 25 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

    Türk dünyasının böyük oğlu Çingiz Aytmatov 10 iyun 2008-ci il tarixində vəfat edib. O, öz vəsiyyətinə görə Qırğızıstan dövlətinin paytaxtı Bişkek şəhəri yaxınlığında yerləşən Ata beyitdə dəfn olunub. Ata beyit 1937-1938-ci illər repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi yerdir.Qeyd edək ki, buraya Ata beyit adının verilməsini Ç.Aytmatov təklif edib.

    Mənbə: Filologiya elmləri doktoru, professor Elman Quliyev - Türk xalqları ədəbiyyatı

    #Çingiz Aytmatov kimdir? #Cingiz Aytmatov #Manas parkı #Manas Dastanı #Manas #Müasir qırğız ədəbiyyatı #Üzbəüz əsəri #Elman Quliyev #Türk xalqları ədəbiyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Bu gün onun doğum günüdür - Şuhada Davit kimdir?

    8 Dekabr 2025 10:00

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    7 Dekabr 2025 15:00

    Qırğızıstanda Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirildi

    13 Oktyabr 2025 11:28

    UNESCO-da Çingiz Aytmatova həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

    19 Sentyabr 2025 18:05

    Qədim türk dastanları haqqında nə bilirik?

    16 Sentyabr 2025 15:01

    Qırğızıstanda “Çingiz Aytmatov Türk Dünyasının Gələcəyi” Forumu Keçirilib

    10 İyun 2025 17:52

    Çingiz Aytmatov Bişkekdə beynəlxalq forumla anılacaq

    9 İyun 2025 15:50

    Türkiyə ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq: Manas parkı açılıb

    16 May 2025 16:42

    ABŞ və Çin arasında sosial media müharibəsi TikTok ilə davam edir

    22 Yanvar 2025 17:03

    Bu gün Türk dünyasının səsi Cingiz Aytmatovun vəfatının ildönümüdür

    10 İyun 2024 14:25

    Türkmənistanda Çingiz Aytmatovun abidəsi ucaldılıb

    24 May 2024 12:45
    Demo
    XƏBƏR LENTİ

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

    Türkiyədən BƏƏ-yə hazır geyim ixracı 172 milyon dolları keçib (ÖZƏL)

    Bakterofibiya nədir?

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Avstraliyada atışma baş verib

    Türkiyədən Bəhreynə mebel ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Türkiyədən Özbəkistana avtomobil ixracı 60 milyon dolları keçib (ÖZƏL)

    NATO-da Rusiyanın qlobal miqyasda dəniz təhlükəsinə qarşı hazırlığın gücləndirilməsi çağırışı səsləndirilib

    Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.