BAKI, AzerVoice
Avstraliya polisi bazar günü Sidneydə, Bondi çimərliyində yəhudi bayramı münasibətilə keçirilən tədbir zamanı baş verən silahlı hücum nəticəsində 12 nəfərin öldüyünü, azı 30 nəfərin isə yaralandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Yeni Cənubi Uels ştatının polisi daha əvvəl hücum nəticəsində hücumçunun da daxil olduğu 10 nəfərin öldüyünü bildirmişdi. Avstraliyanın baş naziri Entoni Albanizi isə Bondi çimərliyində baş verənləri “şokedici və son dərəcə ağrılı” adlandırıb.
Baş nazir verdiyi açıqlamada deyib: “Az öncə Avstraliya Federal Polis Komissarı, eləcə də Yeni Cənubi Uels ştatının baş naziri ilə danışdım. Ştat polisi ilə koordinasiyalı şəkildə işləyirik və əlavə məlumatlar təsdiqləndikcə ictimaiyyətə açıqlanacaq.”
Daha sonra Albanizi hücumun “terror aktı” olduğunu və birbaşa yəhudi icmasına qarşı yönəldildiyini bildirib. O vurğulayıb ki, polis və təhlükəsizlik orqanları hücumda iştirak edən bütün şəxslərin müəyyən edilməsi üçün çalışır.
Mediada yer alan xəbərlərə görə, atışma yəhudilərin dini bayramı zamanı baş verib.
İsrail prezidenti İsxak Hersoq Sidneydə Bondi çimərliyində baş verən silahlı hücumu yəhudi icmasına qarşı terror aktı kimi qiymətləndirib. Qüdsdəki ofisindən yaydığı bəyanatda Hersoq bildirib:
“Bu anda Avstraliyanın Sidneydə yaşayan bacı-qardaşlarımız Bondi çimərliyində, yəhudilərə qarşı son dərəcə vəhşi terror hücumuna məruz qalırlar. Onlar Hanuka bayramının ilk şamını yandırmaq üçün toplaşmışdılar.”
Hersoq İsrailin uzun müddətdir Avstraliya cəmiyyətinə təsir göstərdiyini bildirdiyi antisemitizm dalğasına qarşı tədbirlərin görülməsinə çağırış etdiyini xatırladıb.
Avstraliya təcili tibbi xidmətləri bazar günü bildirmişlər ki, ən azı 8 nəfər xəstəxanalara yerləşdirilib. Yeni Cənubi Uels Təcili Yardım Xidmətinin sözçüsü AFP-yə açıqlamasında deyib ki, “Hadisə yerində bir neçə nəfərə tibbi yardım göstərilib və hazırda 8 nəfər Sidneydəki müxtəlif xəstəxanalara aparılıb.”
Məlumatlara görə, silahlılar Sidneydə keçirilən “İşıqlar bayramı” (Hanuka) tədbirinin iştirakçılarına atəş açıblar. İlkin xəbərlərdə 10 nəfərin öldüyü, təxminən 60 nəfərin yaralandığı bildirilib.
Yeni Cənubi Uels polisi bazar günü atışma ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb və “X” platformasında yaydığı bəyanatda əməliyyatın davam etdiyini, əhalinin ərazidən uzaq durmasının vacibliyini vurğulayıb.
Hadisənin təfərrüatları
Hücum zamanı Bondi çimərliyində təxminən 2 min yəhudi icması üzvü Hanuka bayramını qeyd edirdi. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobildən düşərək tədbirin keçirildiyi əraziyə atəş açıb.
Bəzi məlumatlara əsasən, atəş yaxınlıqdakı körpüdən açılıb. Hadisə yerindən yayılan görüntülərdə panikaya düşmüş insanların müxtəlif istiqamətlərə qaçdığı, silahlı şəxslərin isə uzun lüləli silahlarla irəlilədiyi görünür.
Videolarda bəzi insanların çəmənlikdə uzandığı, ətrafda isə ciddi xaosun yaşandığı əks olunub. Tədbirin iştirakçılarından biri baş verənləri “yəhudi icması üçün fəlakət” adlandırıb.
“Sidney Morning Herald” qəzetinin yazdığına görə, hadisə nəticəsində çoxlu sayda insan yaralanıb. “Sky” və “ABC” telekanalları isə yerdə uzanan insanların görüntülərini yayımlayıb. Hadisənin şahidi olan 30 yaşlı Harri Uilson qəzetə bildirib ki, “Ən azı 10 nəfərin yerdə uzandığını gördüm, hər yer qan içində idi.”
“Sky News Australia” isə hücum nəticəsində azı 10 nəfərin öldüyünü xəbər verib.
İsraildə fəaliyyət göstərən “ZAKA” təcili yardım təşkilatı isə bildirib ki, təxminən 60 nəfər yaralanıb, azı 10 nəfərin ölümü təsdiqlənib və hadisə yəhudi icmasına qarşı terror hücumu kimi dəyərləndirilir.
Avstraliya Yəhudi İcra Şurasının həmsədri Aleks Rivitçin “Sky News”a açıqlamasında bildirib ki, atışma gün batımı ilə başlayan Hanuka mərasimi zamanı baş verib:
“Yəhudilər bu sevincli bayramı qeyd etmək üçün ən gözəl şəkildə bir araya gəlmişdilər. Əgər biz qəsdən bu şəkildə hədəf alınmışıqsa, bu, ağlasığmaz bir dəhşətdir.”
O, həmçinin media müşavirinin hücum zamanı yaralandığını bildirib.
