BAKI, AzerVoice, Nailə Babazadə
İstanbul-Barselona reysini həyata keçirən Türk Hava Yolları (THY) təyyarəsi bir sərnişinin internet şəbəkə adını bomba təhdidi ehtiva edəcək şəkildə dəyişməsi səbəbindən təcili eniş edib.
AzerVoice xəbər verir ki, THY-nin yaydığı rəsmi məlumata görə, TK1853 nömrəli uçuş Barselonaya yaxınlaşdığı vaxt sərnişinlərdən birinin mobil cihazında yaratdığı internet giriş nöqtəsinin (hotspot) adını təhlükəsizlik qaydalarına zidd şəkildə adlandırdığı müəyyən edilib. Uçuş təhlükəsizliyi protokolları dərhal işə salınıb və təyyarənin təhlükəsiz enişi təmin olunub.
Təyyarə eniş etdikdən sonra İspaniyanın səlahiyyətli orqanları tərəfindən genişmiqyaslı yoxlamalara başlanılıb. Prosesin beynəlxalq mülki aviasiya təhlükəsizliyi qaydaları çərçivəsində davam etdiyi və sərnişinlərin təhlükəsizliyinin tam təmin olunduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.